AK Parti və YAP nümayəndələri Trabzonda görüşüb

AK Parti Trabzon Şəhər Nümayəndəliyində Yeni Azərbaycan Partiyası (YAP) nümayəndə heyəti ilə görüş baş tutub.
Specialnews.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasındakı münasibətlər, eyni zamanda, prioritet məsələlər müzakirə edilib.
AK Parti Trabzon Şəhər Nümayəndəliyinin sədri Sezgin Mumcu qonaqları salamlayaraq, Türkiyənin və türk xalqının dünya müstəvisindəki gücündən danışıb: “Türkiyə və Azərbaycan iki dövlət bir millətdir və dünyadakı bütün türk xalqı qardaşdır. Türk dövlətləri üçün bu gün güclü olmaq, bir növ, məcburiyyətdir. Çünki biz istəməsək də, dünyada bu gün güc amalı çox önəmlidir. Doğrudur, bizlər dünyada güc amalının deyil, haqqın, ədalətin əsas olmasını istəmişik, bunun üçün çalışmışıq”.
Azərbaycan nümayəndə heyətinin sədri deputat Tahir Rzayev Türkiyənin dövlət olaraq, dünyadakı gücündən, siyasi cəsarətindən söz açıb: “Türkiyə bu gün dünya arenasında öz sözünü deyən, gücünə görə seçilən bir dövlətdir. Türk xalqı dünyada sayılıb-seçilən bir xalqdır. Biz son 20 ilə nəzər salanda Türkiyənin dünyanın ən qabaqcıl dövlətləri sırasına çıxmasında Prezident Rəcəb Tayyib Ərdoğanın xidmətlərinin danılmaz olduğunu görürük. Bu gün dünya ölkələri Türkiyə ilə hesablaşır. Türkiyə bu gün təkcə özü üçün deyil, dünya üçün çalışır”.
Daha sonra görüş ümumi müzakirələrlə davam etdirilib.



