
Milli varlığın inkişafında mühüm rol oynayan dil mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu vardır. Bu amillər nəzərə alınaraq hər bir xalq öz milli dilini qorumalı, inkişaf etdirməlidir. Dillərin qorunması məqsədilə hər il 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilini qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hüququ olduğunu bir daha xatırladır. Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini dövlətçiliyin əsas atributu, milli mənliyin əsas məsələsi kimi diqqət mərkəzində saxlamış və totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük qətiyyətlə Azərbaycan dilini dövlət dili kimi inkişaf konturlarını müəyyənləşdirmişdir. Dövlətçiliyin inkişafında dövlət və ana dili onun apardığı dil quruculuğu siyasətinin əsasını təşkil etmişdir. Məhz buna görə də Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə dövlətçiliyin əsas atributu olan Azərbaycan dilinin inkişafında Heydər Əliyev öz imzası olan tarixi şəxsiyyətdir. Tarixdə özünün yeri olan, xüsusi missiyalar yerinə yetirmək qüdrətinə malik olan ümummilli liderimiz Heydər Əliyev dahi şəxsiyyət, dünyaşöhrətli siyasətçidir. Böyük şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı ulu öndər xalqın varlığı olan Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi istiqamətində apardığı diplomatiya bənzərsizliyi ilə seçilir. Azərbaycanı bütün dünyada təmsil edən Heydər Əliyevin mühüm fəaliyyəti nəticəsində Azərbaycan dili rəsmi tədbirlərdə rəsmi dil kimi inkişaf etdirilmişdir. Ölkəyə rəhbərlik etdiyi dövrdə yeritdiyi dil siyasəti ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq məqsədinə xidmət etmişdir. Mahirə Hüseynova yazır ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə olduğu kimi, ikinci, artıq müstəqil Azərbaycan Respublikasının prezidenti olaraq dilin qorunub saxlanılması ilə yanaşı, onun inkişafı məsələsinə xüsusi önəm verirdi. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində qeyd etmişdir: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ancaq əgər keçmişə nəzər salsaq, bu gün zəngin, yüksək mədəni səviyyədə olan, çox geniş söz ehtiyatına malik olan ədəbi, mədəni dilimiz həmişə belə olmamışdır. Onu yaradanlar olub, elmi əsasını quranlar olub, inkişaf etdirənlər olub. Bu, müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Bu baxımdan Bakı Dövlət Universitetinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır”.
Murad Zeynalov,
Yeni Azərbaycan Partiyası, məsləhətçi