AnalitikaGündəmSiyasət

Astana görüşü dostluğun və sülhün səsidir.

2025-ci il oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Astana şəhərində Prezident Kasım-Jomart Tokayevlə görüşdən sonra mətbuata bəyanat verib. Bu bəyanat iki qardaş ölkə arasında strateji əməkdaşlığın yeni mərhələsinin başlanğıcını göstərməklə yanaşı, regional sülh və sabitlik baxımından da mühüm mesajlar daşıyır.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər dostluq və qarşılıqlı etimada əsaslanır. Hər iki ölkə ortaq tarixi, mədəni və mənəvi dəyərlərlə bir-birinə sıx bağlıdır. Dövlət başçısı iki ölkə arasında nəqliyyat, enerji, rəqəmsal texnologiyalar və innovasiyalar sahəsində əməkdaşlığın daha da dərinləşəcəyini vurğulayıb.

Xüsusilə, region üçün strateji əhəmiyyət daşıyan “Orta Dəhliz” – Transxəzər beynəlxalq nəqliyyat marşrutu mövzusuna toxunan Prezident Əliyev bildirdi ki, Azərbaycan və Qazaxıstan bu dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi üçün bütün imkanlarını səfərbər edəcək. Bu, həm Mərkəzi Asiya, həm də Avropa ölkələri arasında iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edəcək.

Qeyd edək ki, Prezidentin bəyanatında diqqətçəkən əsas məqamlardan biri də Ermənistanla münasibətlərdə yeni mərhələnin başlanması barədə verdiyi mesaj idi. İlham Əliyev bəyan edib ki, Azərbaycan artıq Ermənistanla yük tranzitinə qoyulmuş məhdudiyyətləri aradan qaldırıb. Bu qərar, onun sözlərinə görə, bölgədə real sülhün və qarşılıqlı etimadın formalaşmasının bariz göstəricisidir. Azərbaycan lideri bu addımı “praktik sülh nümunəsi” adlandırıb.

Prezident İlham Əliyev, həmçinin, Qazaxıstanın son illərdə həyata keçirdiyi islahatları və iqtisadi inkişaf istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirib. O, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi dost və etibarlı tərəfdaş adlandıraraq, iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Tokayev isə öz növbəsində İlham Əliyevin regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində atdığı addımları yüksək qiymətləndirib, onu “müstəqil siyasət yürüdən, ölkəsini qısa müddətdə regional liderə çevirən dövlət başçısı” kimi səciyyələndirib.

Astana bəyanatı yalnız Azərbaycan–Qazaxıstan əlaqələrinin möhkəmlənməsi baxımından deyil, həm də Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün əhəmiyyətli addım kimi qiymətləndirilir.

Bu bəyanat bir daha göstərdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan təkcə regional güc deyil, eyni zamanda sülh və sabitliyin təşəbbüskarı olan dövlət kimi beynəlxalq arenada öz yerini daha da möhkəmləndirir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button