
2025-ci il aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum bir daha Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzunu nümayiş etdirdi. Forumda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı və dərin məzmunlu çıxışı bu tədbirin əhəmiyyətini daha da artırdı. Prezident Cənab İlham Əliyev forum çərçivəsində etdiyi çıxışında dünya siyasətində baş verən proseslərə, Azərbaycanın yeni reallıqlar fonunda mövqeyinə, regional əməkdaşlıq imkanlarına və gələcək strateji prioritetlərə geniş toxundu. Çıxış, həm iştirakçılar, həm də beynəlxalq media tərəfindən maraqla qarşılandı.
Prezident Cənab İlham Əliyev forum zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərini diqqətə çatdırdı. O bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası təkcə fiziki infrastrukturun yenilənməsi deyil, həm də dayanıqlı və “ağıllı” yanaşmaların tətbiq olunması ilə fərqlənir. Bu regionda “ağıllı kənd” və “yaşıl enerji zonası” konseptləri artıq həyata keçirilir. Bu, Azərbaycanın post-münaqişə dövründə əraziləri yalnız iqtisadi cəhətdən deyil, həm də ekoloji və sosial baxımdan dayanıqlı formalaşdırmaq istədiyini sübut edir. Dövlət başçısı qeyd etdi ki, bu yanaşma dünya üçün də nümunə ola bilər. Forumun adından da göründüyü kimi, tədbirin əsas məqsədi dəyişən qlobal nizamın mahiyyətini anlamaq və bu prosesdə ölkələrin, xüsusilə inkişaf edən regionların rolu haqqında fikir mübadiləsi aparmaq idi. Prezident Cənab İlham Əliyev çıxışında vurğuladı ki, yeni dünya nizamı çoxqütblü sistemə doğru irəliləyir və bu şəraitdə kiçik və orta dövlətlərin səsi daha çox eşidilməlidir. Azərbaycan bu reallıqları düzgün qiymətləndirərək müstəqil xarici siyasət yürüdür və beynəlxalq hüquqa əsaslanan mövqe tutur. Dövlət başçısı ölkəsinin balanslı və prinsipial mövqeyinin, həmçinin beynəlxalq təşkilatlarla fəal əməkdaşlığının qlobal miqyasda nüfuzunu artırdığını qeyd etdi. Prezident Cənab İlham Əliyev forumda regionda davamlı sülhün təmin olunması məsələsinə də toxundu. O bildirdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atır və 5 əsas prinsipə əsaslanan təkliflər artıq beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Ermənistanın bu prinsipləri qəbul etməsi müsbət dəyərləndirilsə də, hələ də praktiki addımların zəruriliyi vurğulanıb. Prezident bu məsələdə Azərbaycanın səbirli, lakin qətiyyətli mövqe nümayiş etdirdiyini qeyd etdi və qeyd etdi ki, regionda sülh üçün real imkanlar mövcuddur. Azərbaycanın gələcək inkişaf vizyonunda enerji sektoru mühüm yer tutur. Forumda çıxış edən Prezident İlham Əliyev ölkənin yaşıl enerji potensialından geniş bəhs etdi. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun günəş və külək enerjisi baxımından yüksək imkanlara malik olduğunu vurğuladı. O, qeyd etdi ki, bu sahədə artıq bir sıra beynəlxalq tərəfdaşlarla əməkdaşlıqlar qurulub və gələcəkdə Azərbaycan regionun yaşıl enerji mərkəzinə çevrilməyi hədəfləyir. Bu yanaşma ölkənin iqtisadi müstəqilliyini daha da gücləndirməklə yanaşı, ekoloji dayanıqlığı da təmin edəcək. Forumun məkanının ADA Universiteti olması da təsadüfi deyildi. Cənab Prezident çıxışında bu universitetin artıq regionun mühüm elmi və intellektual mərkəzinə çevrildiyini qeyd etdi. ADA-nın təşkil etdiyi forumlar yalnız yerli deyil, qlobal səviyyədə də fikir mübadiləsinin təşkili üçün platforma rolunu oynayır.
Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyasi, Məsləhətçi