AnalitikaDünyaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət
Trend

Azərbaycan–Slovakiya münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi

“Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri zamanı səslənən fikirlər və keçirilən görüşlər iki ölkənin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Xüsusilə də, prezidentləri bəyanatlarında səsləndirilən fikirlər iki ölkə arasında siyasi dialoqun intensivləşməsini, iqtisadi əməkdaşlığın genişlənməsini və regional təhlükəsizlik məsələlərində qarşılıqlı etimadın möhkəmlənməsini əks etdirir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensiv xarakter alması tərəflərin strateji tərəfdaşlığa verdiyi önəmin göstəricisidir: “Prezident İlham Əliyevin ötən il Slovakiyaya rəsmi səfəri, Prezident Peter Pelleqrinin isə Azərbaycana növbəti dəfə səfər etməsi siyasi dialoqun davamlı və sistemli əsaslar üzərində qurulduğunu təsdiqləyir. Bu dinamika təkcə diplomatik münasibətlərin deyil, həm də müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın inkişafına xidmət edir”.

“Diqqət çəkən məqamlardan biri 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin real nəticələr verməsidir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, sənədin qısa müddət ərzində konkret layihələrə çevrilməsi siyasi iradənin və qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir: “Bu, Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə münasibətlərini balanslaşdırılmış və praqmatik xarici siyasət xətti çərçivəsində inkişaf etdirdiyini bir daha təsdiqləyir. Şuşada səsləndirilən fikirlərdə Qarabağın bərpası istiqamətində Slovakiyanın iştirakı xüsusi vurğulanır. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən “Ağıllı kənd” layihəsi işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında beynəlxalq tərəfdaşlığın uğurlu nümunəsidir. Bu layihə yalnız infrastrukturun bərpası deyil, həm də müasir texnologiyaların tətbiqi, dayanıqlı inkişaf və ağıllı yaşayış konsepsiyasının reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır”.

Ramil Vəlibəyov qeyd edib ki, energetika, iqtisadiyyat, hərbi-texniki əməkdaşlıq və digər istiqamətlər üzrə aparılan müzakirələr iki ölkənin münasibətlərinin yalnız siyasi dialoqla məhdudlaşmadığını göstərir: “Xüsusilə enerji təhlükəsizliyinin beynəlxalq gündəmdə prioritet məsələlərdən birinə çevrildiyi dövrdə Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirir. Slovakiya ilə əməkdaşlığın genişlənməsi həm regional sabitliyə, həm də Avropanın enerji şaxələndirməsi siyasətinə töhfə verən mühüm amillərdən biri hesab edilə bilər. Prezident İlham Əliyevin “biz konkret işlərin tərəfdarıyıq” fikri Azərbaycan diplomatiyasının əsas prinsipini əks etdirir. Müasir beynəlxalq münasibətlər sistemində siyasi bəyanatlardan daha çox real layihələrin və praktiki nəticələrin ön plana çıxması məhz bu yanaşmanın uğurlu olduğunu göstərir. Qarşılıqlı investisiyalar, iqtisadi layihələr və humanitar əməkdaşlıq gələcək dövrdə əlaqələrin daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır. Bir sözlə, Prezident İlham Əliyevin Şuşada verdiyi bəyanat Azərbaycan-Slovakiya münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə müəyyənləşdirir. Siyasi etimad, strateji tərəfdaşlıq, Qarabağın bərpasına beynəlxalq dəstək və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli iki ölkə arasında əlaqələrin perspektivlərinin geniş olduğunu göstərir. Bu münasibətlər təkcə ikitərəfli əməkdaşlığın deyil, həm də Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır və regional sabitliklə iqtisadi inkişafın təşviqinə xidmət edən uğurlu tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər”.

Oxşar Xəbərlər

Back to top button