
2025-ci il dekabrın 8-də Prezident Cənab İlham Əliyevin Slovakiyaya rəsmi səfəri Azərbaycan–Slovakiya münasibətlərinin yeni mərhələyə daxil olmasının bariz nümunəsi kimi tarixə düşdü. Bratislavada keçirilən yüksək səviyyəli görüşlər və iki prezidentin mətbuata birgə bəyanatı ölkələr arasında artan siyasi etimadın, iqtisadi inteqrasiyanın və strateji tərəfdaşlığın göstərgəsi oldu. Səfər çərçivəsində Prezident Cənab İlham Əliyev Slovakiya Prezidenti Peter Pellegrini ilə təkbətək və geniş tərkibdə danışıqlar apardı, sonra isə mətbuata birgə bəyanatla çıxış etdi. Dövlət başçısının bəyanatı həm Azərbaycan üçün, həm də regional əməkdaşlığın gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Slovakiya arasındakı münasibətləri “sözün əsl mənasında dostluq və strateji tərəfdaşlıq” kimi səciyyələndirdi. Onun sözlərinə görə, ölkələr arasında ötən il imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi ikitərəfli əlaqələri ən yüksək səviyyəyə yüksəldib və bu sənəd son bir il ərzində real əməkdaşlıq nəticələri ilə öz təsdiqini tapıb . Göstərilən siyasi iradə Slovakiyanın Cənubi Qafqaz regionunda Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindən xəbər verir və Bakı da bu istiqamətdə qarşı tərəfə tam dəstək göstərir.
Bu bəyanat həmçinin iki ölkə arasında diplomatik münasibətlərin formal xarakter daşımadığını, əksinə, praktiki əməkdaşlığa əsaslandığını nümayiş etdirdi. Azərbaycanın Mərkəzi Avropa ölkələri ilə münasibətlərini genişləndirməsi, xüsusilə də Slovakiya kimi Avropa İttifaqının vacib üzvü ilə strateji səviyyədə tərəfdaşlıq qurması ölkəmizin Avropaya inteqrasiya siyasəti baxımından mühüm addımdır. Prezident Cənab İlham Əliyevin bəyanatının mühüm hissəsi enerji məsələlərinə həsr olundu. Dövlət başçısı bildirdi ki, artıq ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya ixrac edilib və bu fakt enerji sahəsində əməkdaşlığın real nəticələrə çevrildiyini göstərir .
Bu, təkcə iki ölkə arasındakı əlaqələri deyil, həm də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da gücləndirir. Əliyev çıxışında Azərbaycanın mövcud qaz yataqlarının genişliyi, həmçinin yeni yataqların istismara verilməsi nəticəsində ölkənin ixrac potensialının daha da artacağını bildirdi. Bu, gələcəkdə Slovakiya ilə yanaşı, Mərkəzi Avropanın digər dövlətlərinin də Azərbaycan qazı ilə daha stabil şəkildə təmin olunmasına imkan yaradacaq . Bu bəyanat Avropa İttifaqının enerji şaxələndirmə siyasəti ilə də üst-üstə düşür; belə ki, Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ mənbələrə ehtiyacı artır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın nəqliyyat və logistika sahəsində artan rolunu da xüsusi vurğuladı. O bildirdi ki, bugün Orta Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz və etibarlı nəqliyyat marşrutu məhz Azərbaycan ərazisindən keçir .
Bu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın geostrateji mövqeyinin əhəmiyyətini bir daha göstərir. Slovakiyanın da bu logistik imkanlardan yararlanmaq niyyəti iki ölkə arasında ticarətin həcminin artırılması üçün yeni perspektivlər açır. Azərbaycan bölgədə sabitlik və təhlükəsizlik məkanı kimi çıxış etdiyindən, Avropaya uzanan malların tranziti üçün ən münasib ortaqlıqlardan biri hesab olunur. Əliyevin bəyanatında bu istiqamətdə konkret birgə layihələrin həyata keçirilməsi üçün müzakirələrin aparıldığı qeyd edildi.
İlham Əliyevin bəyanatından da göründüyü kimi, Azərbaycan–Slovakiya münasibətləri yalnız enerji və nəqliyyat sahəsi ilə məhdudlaşmır. Mədəniyyət, təhsil, texnologiya, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi gündəlikdədir. Bununla yanaşı, prezidentlər arasında aparılan danışıqlar iki ölkənin bir-birinin inkişaf modelindən qarşılıqlı şəkildə öyrənmək niyyətində olduğunu da göstərdi. Bu, xüsusilə texnologiya və təhsil sahəsində Azərbaycanın Avropa təcrübəsinə çıxışını gücləndirə bilər. Prezident İlham Əliyevin Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etməsi də əlaqələrin qarşıdakı illərdə daha da dərinləşəcəyinə işarədir .
Bu səfərin baş tutması iki ölkə arasında imzalanacaq yeni müqavilələr və əməkdaşlıq mexanizmlərinin yaradılması üçün zəmin yarada bilər. Prezident Cənab İlham Əliyevin Slovakiyada verdiyi bəyanat həm regional sabitlik, həm də Avropa ilə münasibətlər baxımından strateji xarakter daşıyır. Azərbaycan uzun müddətdir ki, Avropanın Cənubi Qafqazda ən mühüm tərəfdaşlarından biri kimi çıxış edir. Enerji və nəqliyyat layihələri, xüsusilə Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur təşəbbüsləri Avropanın enerji təhlükəsizliyinə real töhfə verir. Slovakiya ilə əməkdaşlığın genişlənməsi isə Bakı üçün Avropa ilə əlaqələrin daha da möhkəmlənməsi anlamına gəlir.
Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



