
Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər daim inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək əhəmiyyətli hadisələrdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu səfərin ikitərəfli münasibətlərin inkişafına yeni müsbət təkan verəcəyinə tam əmin olduğunu bildirmişdir.
Bu səfər çərçivəsində dövlət başçıları bir sıra mühüm məsələləri müzakirə etmiş, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm razılaşmalar əldə etmişlər. Xüsusilə, COP29 beynəlxalq iqlim konfransının uğurlu nəticələri və Azərbaycanın bu konfrans çərçivəsində oynadığı vacib rol diqqət mərkəzində olmuşdur. Azərbaycanın yaşıl enerji potensialı və dayanıqlı inkişaf strategiyası Almaniya kimi inkişaf etmiş sənaye ölkələri üçün mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın 30 il ərzində erməni işğalından əziyyət çəkdiyini vurğulamış, bu dövr ərzində ölkənin böyük maddi və mənəvi itkilərə məruz qaldığını xatırlatmışdır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, bu istiqamətdə beynəlxalq tərəfdaşlarla, o cümlədən Almaniya ilə əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir. Almaniyanın bu prosesə texnoloji və maliyyə dəstəyi ilə töhfə verə biləcəyi vurğulanmışdır.
Azərbaycan və Almaniya arasında ticarət əlaqələri də yüksələn xətlə inkişaf edir. Almaniya Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarından biri olmaqla yanaşı, bir çox Alman şirkəti Azərbaycanda müxtəlif sahələrdə, xüsusilə enerji, infrastruktur və sənaye sektorlarında fəaliyyət göstərir. Görüşlər zamanı yeni iqtisadi layihələrin icrası və investisiya imkanları da müzakirə olunmuşdur.
Bu səfər bir daha sübut etdi ki, Azərbaycan və Almaniya arasındakı əlaqələr yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadi, ekoloji və humanitar sahələrdə də dərinləşməkdədir. Gələcəkdə bu əməkdaşlığın daha da güclənəcəyinə dair hər iki tərəfin nümayiş etdirdiyi qətiyyət, iki ölkə arasında strateji tərəfdaşlığın davamlı və uğurlu olacağına əminlik yaradır.
Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi