GündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir və təəssüf doğurur.

Qarabağ Azərbaycanın suveren ərazisidir. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Diplomatik korpusun son səfəri göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər.

Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu inkar edir! Belə narrativ formalaşdırılır ki, Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində guya azərbaycanlılar yaşamayıb. Bu, özlüyündə rasist yanaşmadır.

Ermənistanın, ümumiyyətlə Qafqaz Albaniyası irsinə belə reaksiyası irqçilik kimi qiymətləndirilə bilər. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Ermənistan cəmiyyətində Qafqaz Albaniyasının və onun mədəni irsinin inkarı, faktiki irqçilikdir. Ermənistan həqiqətə dözümsüzdür. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur.

Ermənistan daxilində revanşist qüvvələr var. Lakin onlar təkcə müxalifətdə deyil. Təhlillər göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyətinin özü dayanır. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda gedib.

Mövzu ilə bağlı parlamentin sədri Ruben Rubinyanın açıqlaması da qəbuledilməzdir, Azərbaycanın daxili işlərinə müdaxilədir. 14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi (həmin hərbi təxribatları da Ermənistan törətmişdi, Azərbaycan cavab vermək məcburiyyətində qalmışdı) özlüyündə revanşizm əhval ruhiyyəsinin yüksəldilməsinə xidmət edən addım kimi qiymətləndirilir.

Bütün baş verənlər rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir. Faktiki Ermənistan müharibədə məğlub olduğu üçün sülhə məcbur edilib. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin sadəcə olaraq sülhə getməkdən başqa yolu qalmamışdır.  Ermənistan hakimiyyətinin dirijorluğu ilə son açıqlamalar və paylaşımlar kampaniya xarakteri daşıyır və Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir.

Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.

Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.

Vəli Hüseynli,
Nizami rayonu 61 saylı məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button