
Müasir Azərbaycan dövlətçiliyinin formalaşması və dayanıqlı inkişaf yoluna qədəm qoyması xalqın tarixi iradəsi, milli-mənəvi dəyərlərə söykənən siyasi düşüncə və güclü liderlik amili ilə sıx bağlıdır. XX əsrin sonlarında mürəkkəb və ziddiyyətli tarixi şəraitdə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ciddi təhlükələrlə, daxili çəkişmələrlə və xarici təzyiqlərlə üz-üzə qalmışdı. Belə bir taleyüklü mərhələdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılmasını, möhkəmlənməsini və inkişafını təmin edən əsas amilə çevrildi. Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mərkəzində güclü dövlət, sabit cəmiyyət və vətəndaş rifahı dayanırdı. Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, dövlət institutlarının fəaliyyəti nizamlandı. Ən mühüm tarixi nailiyyətlərdən biri isə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi oldu. Bu sənəd demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi təsbit etdi.
Konstitusiya müasir dövlətçiliyimizin hüquqi təməli olmaqla, uzunmüddətli və dayanıqlı inkişaf strategiyasının başlanğıc nöqtəsinə çevrildi. Ulu Öndərin müəyyən etdiyi neft strategiyası da Azərbaycan dövlətinin iqtisadi müstəqilliyinin təmin olunmasında həlledici rol oynadı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkə beynəlxalq iqtisadi sistemə inteqrasiya etdi, böyük investisiyalar cəlb olundu və milli iqtisadiyyatın dirçəlişi üçün möhkəm maliyyə bazası formalaşdı. Eyni zamanda, balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu artırdı, milli maraqların qlobal müstəvidə qorunmasına imkan yaratdı. Bütün bu addımlar dayanıqlı inkişafın əsas şərti olan güclü və etibarlı dövlət modelini formalaşdırdı. Heydər Əliyev siyasi kursunun davamlılığı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla təmin edilir.
Prezident İlham Əliyev müasir dövrün çağırışlarına uyğun olaraq dövlət idarəçiliyini təkmilləşdirmiş, institusional islahatları dərinləşdirmiş və sosial-iqtisadi inkişafı yeni mərhələyə yüksəltmişdir. Regionların kompleks inkişaf proqramlarının icrası, infrastruktur layihələrinin genişləndirilməsi, sosial rifahın yaxşılaşdırılması və yoxsulluğun azaldılması dövlət siyasətinin əsas prioritetləri kimi həyata keçirilir. Bu siyasət dayanıqlı inkişafın iqtisadi, sosial və institusional komponentlərini ahəngdar şəkildə birləşdirir. Xüsusilə 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, güclü diplomatiyası və modern ordu quruculuğu nəticəsində əldə olunan bu tarixi Qələbə Heydər Əliyev ideyalarının və milli dövlətçilik ənənələrinin məntiqi davamı kimi qiymətləndirilir. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, “Böyük Qayıdış” strategiyası dayanıqlı inkişafın postmünaqişə modelini formalaşdırır. Nəticə etibarilə, Azərbaycan dövlətinin bugünkü uğurları təsadüfi deyil. Onlar Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm dövlətçilik ənənələrinin, hüquqi-siyasi irsin və Prezident İlham Əliyevin bu irsi müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirməsinin məntiqi nəticəsidir. Bu ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın gələcək inkişafını, milli təhlükəsizliyini və xalqın rifahını təmin edən dayanıqlı dövlət modelini daha da gücləndirir.
İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



