AnalitikaGündəmSiyasət

Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdədir

Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. Qırx milyard dollardan çox investisiya qoyuluşu planlaşdırılan və 4 seqmenti özündə birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin icrasında – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Növbəti mərhələdə bu layihəyə üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun qoşulacağı gözlənilir. Bu baxımdan da Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. Layihə həm mənbələrin, həm marşrutların şaxələndirilməsi deməkdir. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması ilə Avropa yeni mənbədən – təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycandan təbii qaz tədarük edəcək. Tarixə nəzər salaq. 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirildi. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə ildə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.Qeyd edilən layihələrdə Azərbaycanın mənafeyini qorumaq, Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şəraitin yaradılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 29 oktyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradıldı. Habelə ölkə başçısının 2014-cü il 25 fevral tarixli Sərəncamına əsasən, səhmlərinin 51 faizi dövlət mülkiyyətində – İqtisadiyyat Nazirliyi, 49 faizi isə SOCAR-a məxsus “Cənub Qaz Dəhlizi” QSC (CQD) təsis edildi. Azərbaycan tərəfdən layihələrin iradə edilməsi SOCAR-ın “SOCAR Upstream Management International” və “SOCAR Midstream Operations” şirkətləri tərəfindən həyata keçirilir. Həmin şirkətlər layihələrin tərkibində yaradılmış bütün komitələrdə təmsil olunur və operatorlarla birgə layihənin icrasında əməkdaşlıq edirlər. SOCAR layihələrdə dövlətin maraqlarını təmin etməklə yanaşı, əsas qərarların qəbul edilməsində də iştirakçıdır. Layihənin maliyyələşdirilməsi isə “Şahdəniz-1”dən əldə edilən gəlirlərin sərmayə olaraq yatırılması, o cümlədən də “Cənub Qaz Dəhlizi” QSC-nin səhm kapitalına, yerli və xarici maliyyə bazarlarından cəlb olunmuş borc vəsaitləri hesabına həyata keçirilir.

Əyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button