
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmlənməkdədir. Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanır. Eyni soy-kökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Hazırda Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.
Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Bu mənada, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə qardaşım deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Bütün dünya bu qardaşlığı 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdi. Məhz, həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Məhz, əldə olunmuş zəfərin siyasi zirvəsi olan Şuşa görüşü də dünyaya 44 günlük müharibə dönəmində olduğu kimi mühüm mesajdır.
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada olması, Prezident İlham Əliyevlə görüşü, Şuşa Bəyannaməsinin imzalanması və mətbuata bəyanatların verilməsi, eyni zamanda, “Xan qızı” bulağını ziyarət, Cıdır düzündə tədbirlərin təşkili bir daha iki qardaş ölkənin uğurunun sevincinin paylaşdığını göstərir. “Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi hadisənin tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Bu Bəyannamə Ermənistandakı revanşist qüvvələrə də mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. Digər bir vacib məqam ondan ibarətdir ki, Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə ucaldır”
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi