AnalitikaGündəmSiyasət

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.

Specialnews.az AZƏRTAC-a istinadən  xəbər verir ki, müşavirədə dövlətimizin başçısı çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

-Bu gün biz Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələlərini müzakirə edəcəyik. Bu, həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Bildiyiniz kimi, ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, həm Bakıda, həm bütün bölgələrdə. Demək olar ki, əsas infrastruktur məsələləri öz həllini tapmışdır. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında bu məsələyə bir qədər toxundum, bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta biz elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, – hazırda təqribən 10 min meqavata yaxındır, – eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə – bütün bu məsələlər vahid sistem halına salınmışdır. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılmışdır. Biz bu gün nəinki öz enerji tələbatımız haqqında, – bu məsələ həll edilmiş hesab olunur, – ixrac yolları haqqında düşünürük və nəinki düşünürük, onları biz yaradırıq. Azərbaycan bir neçə ildən sonra, – necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, – eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Qeyd etməliyəm ki, buna nail olmaq üçün indi qonşu dövlətlərlə və bizim şirkətlərlə, qonşu ölkələrin şirkətləri ilə ciddi danışıqlar aparılır.

Biz qazlaşma məsələlərini böyük dərəcədə həll etmişik. Bu gün ölkəmizdə qazlaşma 96 faizə çatıbdır. Mən bunu deməklə yaşayış məntəqələrini yox, əhalini nəzərdə tuturam. Əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi, – bu ölkələrin sayı ildən-ilə artır və bu il də yeni ölkələr bu siyahıya daxil ediləcək, – Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir.

Avtomobil yollarının inşası geniş vüsət almışdır. Bu gün həm magistral, həm kənd yolları, şəhərlərarası yollar – bu layihələr icra edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə dediyim bütün bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur.

İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir.

Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.

Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda – Füzuli rayonunda “Köndələnçay” – üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq.

Su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır – Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır.

Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Qeyd etdiyim kimi, son 20 il ərzində ancaq sadaladığım, – halbuki görülən işlər qat-qat çoxdur, – layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək.

Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlamışdır və demək olar ki, proqram hazırdır. Biz bu gün həm bu proqramı müzakirə edəcəyik, eyni zamanda, görülmüş işlərdən danışacağıq və görüləcək işlərlə bağlı müzakirə aparacağıq.

Bu proqramın əsas məqsədi, qeyd etdiyim kimi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki vaxt lazımdır biz bunu tam icra edək. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına. Deyə bilərəm ki, son illər ərzində burada da aparılan islahatlar imkan verdi ki, biz xarici borcumuzu böyük dərəcədə aşağı salaq və salmışıq da. Bu gün dünya miqyasında xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünyada aparıcı yerlərdədir, bu, cəmi 6 faizdən bir qədər çox təşkil edir. Yəni bu, deməyə əsas verir ki, bu gün biz daha çox xarici kreditlərə müraciət edə bilərik, xüsusilə nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə təsisatları bizə müraciətlər edirlər.

Biz bu proqramı daxili vəsait hesabına da icra edə bilərdik. Ancaq ölkə qarşısında duran bir çox məsələlər var. Həm Qarabağın, Şərqi Zəngəzurun bərpası, ölkəmizin hərbi gücünün artırılması və həm də digər layihələr, sosial layihələr. Ona görə qeyd etdiyim kimi, biz iki mənbədən istifadə edəcəyik. Proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Bu da çox böyük, genişmiqyaslı infrastruktur layihələridir. Sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq.

Bu gün problemlərdən biri həm də itkilərlə bağlıdır. Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı bizə bu gün kifayət edərdi. Halbuki biz baxmalıyıq, gələcəyi də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, təbii ki, tələbat da artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir və qeyd etdiyim kimi, proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır.

Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq.

Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir.

Su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir. Mən artıq bu barədə məlumat verdim. Bir daha demək istəyirəm ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır.

Samur-Abşeron su kanalı. Vaxtilə biz bu kanalı yenidən inşa etmişik. Bu, tam beton kanaldır və orada itkilər kifayət qədər azdır. Ancaq yenə də bu kanalın infrastrukturunun inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur ki, “Ceyranbatan” su anbarı dayanıqlı su ilə təmin edilsin. Bu gün Bakıya beş mənbədən su daxil olur. Altıncı mənbə duzsuzlaşdırma zavodu olacaq və əlbəttə ki, bu axın tam təmin edilməlidir.

Onu da bildirməliyəm ki, son 20 il ərzində həyata keçirdiyimiz layihələrdən biri də tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəməridir. Əgər bu su kəməri tikilməsəydi, bu gün Bakıda su qıtlığı özünü çox ciddi şəkildə göstərmiş olardı.

Qeyd etdiyim kimi, proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən. İctimai nəzarət də əlbəttə ki, mütləq olmalıdır. Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır. Çünki yenə də deyirəm, proqram 2035-ci ilə qədər nəzərdə tutulur. Biz hesab edirdik ki, bunu daha da tez bir zamanda etmək mümkündür. Ancaq tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır.

X X X

Prezident İlham Əliyev: İndi isə çıxış üçün söz verilir Baş nazirin müavini Şahin Mustafayevə.

Şahin Mustafayev: Möhtərəm cənab Prezident, sosial-iqtisadi əhəmiyyətini nəzərə alaraq, ölkənin su təhlükəsizliyinin təmin edilməsi hər zaman Sizin diqqət mərkəzinizdə olmuş, rəhbərliyinizlə əvvəlki illərdə böyük ölçüdə işlər həyata keçirilmiş, ehtiyat tədbirləri görülmüş, “Taxtakörpü”, “Şəmkirçay”, “Tovuzçay”, “Göytəpə”, Naxçıvanda “Heydər Əliyev”, “Vayxır” su anbarları, Oğuz-Qəbələ-Bakı su kəməri inşa edilmiş, Samur-Abşeron su kəməri yenidən qurulmuş və qeyd etdiyiniz kimi, əksər şəhər və rayon mərkəzləri içməli su və kanalizasiya xidmətləri ilə təchiz edilmişdir. Bununla yanaşı, kəskin su çatışmazlığının müşahidə edildiyini nəzərə alaraq, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə 2020-ci il 15 aprel tarixli Sərəncamınızla müvafiq komissiya yaradılmışdır. Eyni zamanda, tərəfinizdən su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair tədbirlər planı təsdiq edilmişdir ki, buna uyğun olaraq ölkə üzrə genişmiqyaslı işlər həyata keçirilir.

Həmçinin 2024-cü il 10 oktyabr tarixli Sərəncamınızla 2024-2040-cı illər üzrə su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya təsdiq edilmişdir. Milli Strategiyanın əsas hədəfləri su ehtiyatlarının yenidən qiymətləndirilməsi və inteqrasiyalı idarə edilməsi, su ehtiyatlarından səmərəli istifadə edilməsi, əhalinin dayanıqlı və keyfiyyətli içməli su və sanitariya xidmətləri ilə təminatının yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və su təhlükəsizliyinin təmin edilməsidir. Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2023-cü il 30 mart tarixli Fərmanınızla vahid qurum kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmışdır.

Möhtərəm cənab Prezident, qlobal iqlim dəyişməsi və orta temperaturun yüksəlməsi, yağıntıların və çaylarda sululuğun əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması öz növbəsində su çatışmazlığını şərtləndirir. Ölkə üzrə yerüstü su ehtiyatlarının təqribən 75 faizi qonşu ölkələrdən daxilolmaların hesabına formalaşır və qlobal iqlim dəyişikliyi həmin su axımlarının həcminə də öz təsirini göstərir.

Möhtərəm cənab Prezident, 2020-ci ildən başlayaraq hər il Nazirlər Kabineti tərəfindən ölkə üzrə illik su təsərrüfatı balansı təsdiq edilir. Su təsərrüfatı balansı əvvəlki üç il üzrə faktiki hesabat ili üzrə gözlənilən və növbəti il üzrə proqnoz göstəricilərini özündə əks etdirir ki, bu da ölkənin su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi qiymətləndirmənin aparılmasına imkan verir. Su ehtiyatlarının içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və prioritetləşmə aparmaqla optimal istifadə istiqamətində görülən tədbirlər sayəsində əsas su anbarlarında su ehtiyatlarının həcmi cari il yanvarın 1-nə 16,4 milyard kubmetr təşkil etmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 milyard kubmetr və ya 60 faiz çoxdur.

Eyni zamanda, ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarında 2020-ci ildəki 8 milyard kubmetr ilə müqayisədə 13 milyard kubmetrə yaxın su ehtiyatı toplanmışdır. Belə ki, Mingəçevir su anbarı 2024-cü ildən etibarən çoxillik tənzimləmə rejiminə qaytarılmışdır.

Komissiyanın fəaliyyəti çərçivəsində əsas su anbarları üzrə tövsiyə olunan iş rejimləri təsdiq edilir, sudan istifadə gündəlik qaydada nəzarətdə saxlanılır və görülən tədbirlər əhalinin içməli və suvarma suyu ilə təchizatının daha da yaxşılaşdırılmasına, su elektrik stansiyalarının səmərəlilik göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaratmışdır. Ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarının qiymətləndirilməsi üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, içməli su təchizatı sahəsində sayğaclaşdırma, subartezian quyularında avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi istiqamətində işlər davam etdirilir. Ölçmə cihazlarının texniki parametrlərinin elektron su təsərrüfatı informasiya sisteminə inteqrasiyası üzrə işlər aparılır. Müasir ölçmə cihazlarının quraşdırıldığı məntəqələrdən daxil olan operativ məlumatlar əsasında gündəlik bülletenlər hazırlanır və aidiyyəti qurumlara təqdim olunur.

Tapşırığınıza uyğun olaraq, məsləhətçi şirkət cəlb edilməklə ölkə əhəmiyyətli “Şəmkir”, “Yenikənd”, “Mingəçevir” və “Varvara” kaskad su anbarları üzrə texniki təhlükəsizliyin qiymətləndirilməsi tamamlanmış və komissiya tərəfindən təsdiq olunmuş müvafiq tədbirlər planının icrasına başlanmışdır. Nazirlər Kabinetinin 2025-ci il 1 may tarixli Sərəncamına əsasən həmin su anbarları da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansına verilmişdir.

Möhtərəm cənab Prezident, müvafiq sərəncamlarınıza uyğun olaraq Qəbələ rayonunda 17,5 milyon kubmetr həcmində “Yengicə” su anbarının və Oğuz, Şəki rayonlarında 108 milyon kubmetr həcmində “Əlicançay” su anbarının tikintisi həyata keçirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur. “Yengicə” su anbarı Qəbələ rayonu üzrə 10 min hektar əkin sahəsinə xidmət edəcəkdir. “Əlicançay” su anbarı isə Şəki və Qax rayonları üzrə 30 min hektara yaxın əkin sahəsinə xidmət etməklə yanaşı, Şəki və Oğuz rayonları üzrə 28 yaşayış məntəqəsinin 49 min nəfərə yaxın əhalisini içməli su ilə təmin edəcəkdir. “Şirvan” kanalının yenidən qurulması işləri müvafiq Sərəncamınıza uyğun olaraq davam etdirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Yenidənqurmadan sonra 10 rayon üzrə 228 min hektar əkin sahəsini suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edəcəkdir. Eyni zamanda, 9 rayonun 115 min hektaradək əkin sahəsinin suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edən “Qarabağ” kanalının yenidən qurulması üzrə layihə-smeta sənədləri hazırlanır.

Qeyd olunanlardan əlavə, 7 suvarma kanalı yenidən qurulmuş və 3 suvarma kanalının yenidən qurulması davam etdirilir ki, bunlar da ümumilikdə 132,3 min hektar əkin sahəsinə xidmət edir. Son illərdə azsululuq dövründə Kür çayının 60 kilometrlik mənsəb hissəsində Xəzər dənizinin təsirindən suda duzluluq konsentrasiyasının artması Kür çayının aşağı axarında yerləşən Neftçala və Salyan rayonlarının ərazisində məskunlaşmış əhalinin suya olan tələbatının ödənilməsində ciddi çətinliklər yaradırdı. Görülən tədbirlər nəticəsində suqəbuledici qurğuların normal istismarı və “Mingəçevir” su anbarının izafi suyun buraxılmasına ehtiyac qalmadan suya olan tələbatın optimal şəkildə ödənilməsi təmin olunmuşdur. “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri” haqqında 2023-cü il 12 aprel tarixli Sərəncamınızın icrası məqsədilə elan edilmiş müsabiqənin qalibi olan şirkətlə Dövlət-Özəl Tərəfdaşlıq Müqaviləsi və digər müqavilələr ötən ilin sentyabr ayında Bakıda keçirilmiş Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmışdır. Bu pilot layihə əhalinin dayanıqlı içməli su təminatına xidmət etməklə yanaşı, ölkəmizdə dövlət-özəl tərəfdaşlığı baxımından da xüsusi nümunə təşkil edəcəkdir.

Həmçinin “Hövsan” aerasiya qurğusunda Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair Sərəncamınızla əlaqədar Texniki-İqtisadi Əsaslandırma sənədinin hazırlanması və müvafiq dövlət-özəl tərəfdaşlığı modelinin müəyyən edilməsi ilə bağlı Beynəlxalq Maliyyə İnstitutu ilə əməkdaşlıq həyata keçirilir.

Möhtərəm cənab Prezident, ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quraşdırma, bərpa və yenidənqurma işləri görülmüş, çoxsaylı infrastruktur layihələri həyata keçirilmişdir.

Ali rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi ilə birlikdə həmin ərazilərdəki su ehtiyatlarımız üzərində də nəzarət bərpa edilmişdir ki, bu da ölkə ərazisində formalaşan su ehtiyatlarının təqribən 20 faizinə bərabərdir. İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlər üzrə fəaliyyətin əlaqələndirilməsi Komissiya tərəfindən Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilir. Siz də qeyd etdiyiniz kimi, Laçın rayonunda Qubadlı və Zəngilan rayonları üzrə 12 min hektar torpaq sahəsinin suvarma suyu ilə təminatı məqsədilə həcmi 26,7 milyon kubmetr olan “Zabuxçay” su anbarı inşa edilərək istismara verilmişdir. Ağdərə rayonunda həcmi 5,9 milyon kubmetr olan “Suqovuşan” su anbarı təmir-bərpa edilmişdir. Dörd rayon üzrə 29,7 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılmasına xidmət edən 20 kilometr uzunluğunda “Tərtərçay” sol sahil suvarma kanalı və onu “Suqovuşan” su anbarından su ilə təmin edən 5,2 kilometr uzunluğunda magistral kanalı yenidən qurularaq istismara verilmişdir. Beş rayon üzrə 67 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq 50 kilometr uzunluğunda “Tərtərçay” sağ sahil suvarma kanalının yenidən qurulmasına dair layihə-smeta sənədləri tamamlanmış və tikinti işlərinə başlanılacaqdır. Ağdam rayonunda həcmi 23 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 7 min hektar təşkil edən “Xaçınçay” su anbarı və Füzuli rayonunda ümumi həcmləri 15,5 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 6,2 min hektar təşkil edən “Köndələnçay” su anbarları təmir-bərpa edilmişdir. Laçın rayonunda həcmi 91 milyon kubmetr təşkil edəcək “Həkəriçay” su anbarının və Qubadlı rayonunda həcmi 67 milyon kubmetr təşkil edəcək “Bərgüşadçay” su anbarının tikintisi ilə əlaqədar layihə-smeta sənədləri yekunlaşmaq üzrədir. “Həkəriçay” su anbarının ilkin mərhələdə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının içməli su ilə təminatına xidmət etməsi nəzərdə tutulur. “Bərgüşadçay” su anbarı isə Qubadlı, Zəngilan və Cəbrayıl rayonları üzrə 8,8 min hektar torpaq sahəsini suvarma suyu ilə təmin etməklə yanaşı, “Qız Qalası” su anbarına layihələndirilən magistral kanala saniyədə 12 kubmetr suyun ötürülməsinə xidmət edəcəkdir. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mövcud razılaşmalara uyğun olaraq Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su anbarlarının su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə tədbirlər davam etdirilir. “Qız Qalası” su anbarından ayrılan magistral suvarma kanalının tikintisi layihəsinin beynəlxalq maliyyə qurumu ilə birgə maliyyələşdirilməsi məqsədilə 2024-cü ildə kredit və layihə sazişləri imzalanmış və layihənin icrası istiqamətində işlərə başlanılmışdır. Bu layihə Mil-Muğan zonasında 252 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılmasına, Cəbrayıl və Füzuli rayonları ərazisində 12 min hektar yeni torpaq sahəsinə suyun verilməsinə xidmət edəcəkdir.

Möhtərəm cənab Prezident, ötən il su təchizatı baxımından Naxçıvan Muxtar Respublikasında müəyyən çətinliklər müşahidə edilmişdir. Belə ki, ötən il ərzində əsas iki su anbarına, – tutumu 150 milyon kubmetr olan “Arpaçay” su anbarı və tutumu 100 milyon kubmetr olan “Heydər Əliyev” su anbarına, – daxil olan suyun həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə təqribən yarıbayarı – 200 milyon kubmetrdən artıq azalmışdır. Tapşırığınıza uyğun olaraq, Naxçıvan Muxtar Respublikası üzrə su ehtiyatlarından səmərəli istifadə və əhalinin su ilə dayanıqlı təchizatı məsələsi Komissiyanın fəaliyyəti çərçivəsində ətraflı müzakirə edilmiş, problemlərin köklü şəkildə həlli ilə bağlı görüləcək tədbirlərin ilkin layihəsi hazırlanmış və yekunda diqqətinizə təqdim ediləcəkdir. Eyni zamanda, Bakı şəhərində və Abşeron yarımadasında içməli su təchizatına, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Sizin rəhbərliyinizlə keçirilən bugünkü müşavirə su ehtiyatlarının səmərəli istifadə edilməsinə, əhalinin dayanıqlı və keyfiyyətli içməli su və sanitariya xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xüsusi töhfə verəcəkdir.

Möhtərəm cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi ilə bağlı qarşımıza qoyduğunuz bütün vəzifələr yerinə yetiriləcəkdir.

Diqqətinizə görə minnətdaram.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Prezident İlham Əliyev: İndi isə söz verilir Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova.

Zaur Mikayılov: Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən hazırlanmış bu layihə təklifi iqtisadiyyatın inkişafı və artan əhali fonunda Bakı şəhərinin və Abşeron yarımadasının dayanıqlı su, içməli su, tullantı və yağış suları sisteminin təşkilini əks etdirir. Hazırlanan Dövlət Proqramının əsas məqsədi Sizin tapşırığınıza əsasən həyata keçirilən Bakı və Abşeron yarımadasında nəqliyyat, şəhərsalma və ərazi inkişaf layihələri fonunda əhalinin dayanıqlı su təminatını təşkil etməkdir. Məhz bu yanaşma əsasında 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı şəhərində və Abşeron yarımadasında həm bugünkü, həm də perspektiv inkişaf hədəfləri ilə uzlaşmaqdadır.

Möhtərəm cənab Prezident, bu proqramın hazırlanmasını şərtləndirən amilləri və onun əsas tərkib hissəsi olan istiqamətləri göstərmək üçün icazənizlə təqdimata keçmək istərdim. İcazə versəniz, cənab Prezident, yaxınlaşardım.

Prezident İlham Əliyev: Buyurun.

Zaur Mikayılov: Möhtərəm cənab Prezident, əvvəlcə Bakı şəhərində və Abşeron yarımadasında bugünkü sosial-iqtisadi inkişaf və demoqrafik artımla əlaqədar bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da bu proqramın hazırlanmasında əsas amillərdən biridir. Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanmışdır və o gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artmışdır. Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatmışdır, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatmışdır. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranmışdır. Vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektoruna çevrilmişdir.

Əsas kollektorların maksimal ötürücülük qabiliyyəti, formalaşan su miqdarının az olması təbii ki, həm yuxarıda göstərdiyimiz kimi əhalinin artması, həm də yağış sularının həmin kollektora axıdılması ilə əlaqədardır.

Bir çox magistral xətlərin mühafizə zonalarının zəbt olunması, cənab Prezident, bu gün hazırda əsas kanalizasiya magistrallarımızla bağlı Bakı şəhərində bu yaxınlarda apardığımız təhlillərdən məlum oldu ki, həmin magistralların istismarını çətinləşdirərək hətta imkansız hala gətirən 1600-dən çox fərdi yaşayış və ya digər tikintilər mövcuddur. Bu da bəzi yerlərdə müddəti bitmiş kanalizasiya sistemlərinin çökməsi və əhalinin evlərinə ziyan dəyməsi ilə nəticələnir.

Bu tərəfdə, cənab Prezident, bugünkü vəziyyətimiz bütün Azərbaycanda fasiləsiz içməli su təminatı, sayğaclaşdırma ilə bağlı faizlər və bununla bərabər Avropa İttifaqında olan rəqəmlər göstərilmişdir. İçməli suya olan əlçatanlıq Azərbaycanda 73,4 faiz, təxminən 74 faiz, Avropa İttifaqında isə 95 faizdir. Fasiləsiz su təminatı Azərbaycan üzrə 72,5 faiz, Bakı və Abşeronda, – Siz də qeyd etdiniz, – 70 faizdir. Bunun fərqli olmasının səbəbi son illərdə rayonlarda, bölgələrdə aparılan böyük quruculuq işləridir. Odur ki, orada fasiləsiz suya əlçatanlıq daha yüksəkdir.

Gördüyünüz kimi, bizdə sayğaclaşdırma Avropa İttifaqı ilə müqayisədə daha yüksək səviyyədədir – 91,9 faiz, təxminən 92 faizə çatmaqdadır.

Su itkilərimiz isə daha yüksəkdir. Su itkiləri faktiki olaraq 38,6 faizdir ki, bu, Avropa İttifaqında orta hesabla 22 faizdir. Bununla yanaşı, Siz də qeyd etdiyiniz kimi, bizim itkilərimiz 46 faizə yaxındır. Çünki bununla yanaşı, bir də daxili istismarda olan sular var, onlar da itki olaraq nəzərə alınır. Avropada bu, 3 faiz olduğu halda, Azərbaycanda 9 faiz səviyyəsindədir.

Cənab Prezident, bu xəritədə Bakı şəhərində və Abşeron yarımadasında sosial-iqtisadi inkişaf, demoqrafik artım ilə əlaqədar içməli su sistemlərinin istifadəsi xəritəsi göstərilir. Burada gördüyünüz mavi bölgələr şəbəkənin tikintisinin normalara cavab verdiyi ərazilərdir. Bu, gördüyünüz kimi, Bakı şəhərinin mərkəzini, Sumqayıt şəhərinin bəzi hissələrini və digər bəzi bölgələri özündə əks etdirir. Yaşıl ərazilərdə isə su şəbəkəsi mövcuddur, amma bu, normalara cavab verməyən, əhali tərəfindən, bəzi yerlərdə maklerlər tərəfindən primitiv şəkildə tikilmiş qoşulma şəbəkələrdir. Gördüyümüz qırmızı ərazilər isə ümumiyyətlə, su şəbəkəsi olmayan və insanların suyu daşımaqla gətirdikləri ərazilərdir.

Bu xəritədən göründüyü kimi, xidmət göstərilən əhali Bakı və Abşeron yarımadasında 91 faiz olduğu halda, normalara cavab verən əhaliyə xidmətimiz 74 faiz səviyyəsindədir. Ərazi olaraq 77 faizi əhatə etdiyi halda, tikinti normalarına cavab verən əhatə dairəmiz, sadəcə, 40 faiz səviyyəsindədir.

Eyni qaydada da Bakı və Abşeron yarımadasında kanalizasiya sistemlərinin xəritəsi göstərilir. Burada vəziyyətimiz, Siz də qeyd etdiyiniz kimi, cənab Prezident, bir az daha fərqlidir. Xidmət göstərilən ərazilər mavi rəngdə, ümumiyyətlə, xidmət göstərilməyən ərazilər qırmızı rəngdədir. Burada, sadəcə, 52 faiz əhaliyə xidmət göstərilir. Ərazi olaraq isə, sadəcə, 39 faiz xidmət göstərə bilirik. Gördüyünüz kimi, bu rəqəmlər Avropa İttifaqında daha yüksəkdir. Bütün bunlar bizim bu proqramın qəbul edilməsini və uzun müddətdir bu işləri həyata keçirərək bütün bu zonaların əhatə edilməsini şərtləndirən əsas amillərdən biridir.

Bununla yanaşı, yağış suları ilə bağlı Sizin diqqətinizə çatdırmaq istədiyimiz vəziyyətlər də var. Bilirsiniz ki, Bakı və Abşeron yarımadasında 300-dən çox göl mövcuddur ki, bunlar da təbii olaraq sutoplayıcı funksiyalara malikdir. Amma 2014-cü illə 2025-ci illər arasında burada bəzən qeyri-qanuni və ya bəzən plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt olunmuş, tikintilər aparılmışdır. Bu da öz növbəsində intensiv yağışlar yağdığı zaman həmin bölgələrin və bu ərazilərin subasmaya məruz qalmasını şərtləndirir.

Möhtərəm cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, bu illər ərzində dövlət proqramları çərçivəsində bu istiqamətdə bir çox işlər görülmüşdür. Bugünkü vəziyyətimizin qənaətbəxş olmasının da səbəblərindən biri həmin bu proqramların həyata keçirilməsidir. 2004-cü ildə birinci Dövlət Proqramı qəbul edildiyi dövrdə Azərbaycanda içməli su təminatı, sadəcə, 40 faiz, Bakı şəhəri və Abşeron yarımadasında isə 29 faiz səviyyəsində idi. Hazırda içməli su ilə təminat az öncə göstərdiyim kimi, Azərbaycanda 73 faizə, Bakı şəhəri və Abşeron yarımadasında isə 70 faizə çatdırılmışdır. Bu proqram çərçivəsində görülmüş işlərdən təbii ki, əvvəlcə həm “Taxtakörpü”, “Ceyranbatan” su anbarları, həm də ultrasüzgəcli sutəmizləyici qurğu – bunlar hamısı həmin proqram çərçivəsində həyata keçirilmiş və bizim su çatışmazlığı vəziyyətindən bugünkü daha yaxşı vəziyyətə gəlməyimizə çox böyük təsiri olmuşdur.

Cənab Prezident, Sizin Sərəncamınızla Azərbaycanın yeni milli su strategiyası qəbul edilmişdir. Bu sənəddə su strategiyası əsas üç istiqamətdə qruplaşdırılmışdır. Birincisi, Siz də qeyd etdiniz ki, əhalinin içməli suya tələbatının tam ödənilməsi üçün yeni su mənbələrinin yaradılması, tələbatına uyğun olaraq içməli suyun əhaliyə fasiləsiz çatdırılması və çox vacib olan su təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər nəzərdə tutulmuşdur. Digər istiqamət su itkiləri ilə bağlıdır. Sizin də qeyd etdiyiniz çox vacib məsələ su itkilərinin qarşısının alınmasıdır. Buraya magistral kəmərlərin və ötürücü şəbəkələrin itkilərinin, nəzarətdənkənar istifadənin qarşısının alınması və sayğaclaşdırmanın tam başa çatdırılaraq suyun dəqiq uçotunun aparılması daxildir. Üçüncü istiqamət isə su-kanalizasiya və yağış suyu infrastrukturunun inkişafıdır. Bakı şəhəri və Abşeron yarımadasının kanalizasiya şəbəkəsi ilə tam əhatə edilməsi, yağış suyu kollektorlarının, sutoplayıcı şəbəkənin inkişaf etdirilməsi və çox vacib olan Xəzər dənizinin və göllərin ekoloji mühitinin yaxşılaşdırılması kimi məsələlər bizim milli su strategiyamızda öz əksini tapmışdır.

Bu günə qədər görülmüş və həmin bu strategiyaya uyğun olaraq görülən işlərdən, – Siz də qeyd etdiniz, – mən burada dəniz suyunun duzsuzlaşdırılması ilə içməli suyun istehsalı layihəsini qeyd etmək istərdim. Bu, dövlət-özəl tərəfdaşlıq səviyyəsində bu miqyasda hazırlanan ilk layihədir. Layihənin tenderinin qalibi Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti olmuşdur və dediyim kimi, Azərbaycanda su sahəsində ilk dövlət-özəl tərəfdaşlıq layihəsidir. Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı ilk dəfə belə bir meqalayihə sayəsində Bakı şəhərində və Abşeron yarımadasında faktiki istifadə olunan suyun 25 faizini təşkil edəcək. Bu da bizim gələcəkdə su təhlükəsizliyimizə çox böyük töhfə verəcək. Bu işlərə artıq başlanılmış, yer seçilmiş və bizim proqnozumuza görə, 2028-ci ilin sonuna qədər bu məsələnin başa çatdırılması nəzərdə tutulub.

Möhtərəm cənab Prezident, digər bir layihə Sizin Sərəncamınızla Bakı şəhərinin və Abşeron yarımadasının ən böyük təmizləyici qurğusu olan Hövsan Aerasiya qurğusunun modernləşdirilməsi, yenidən qurulması və orada dövlət-özəl tərəfdaşlıq potensialının araşdırılması nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, bu istiqamətdə texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması üzrə Asiya İnkişaf Bankı ilə çox yaxından işlər görülmüş, artıq texniki-iqtisadi əsaslandırma son mərhələyə çatmış və digər qurumlara da öz rəylərinin verilməsi üçün təqdim olunmuşdur. Bu rəylər əsasında da dövlət-özəl tərəfdaşlığı modellərinin dəqiqləşdirilməsi aparılacaq. Bu dəqiqləşdirmələr bitdikdən sonra həmin işlərin də bu ildən başlayaraq tenderlə həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət Proqramı layihəsinin Bakı şəhəri və Abşeron yarımadası üzrə əsas məqsədləri haqqında Sizə məlumat vermək istərdim. Proqram çərçivəsində bu su mənbələrinin dayanıqlı təmin edilməsi, suyun mənbədən götürülərək emalı, nəql edilməsi, saxlanılması və paylanması prosedurunun optimallaşdırılması nəzərdə tutulur. Əhalinin keyfiyyətli və dayanıqlı su ilə təmin edilməsi, paylayıcı şəbəkələrin itkilərinin minimuma endirilməsi, suyun uçotunun tam təkmilləşdirilməsi və təmin edilməsi, yağış və tullantı suları sistemlərinin yenilənməsi və inkişaf etdirilməsi, alternativ su mənbələrinin istifadəsinin araşdırılması və təmin olunması, Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Bakı Master Planının yenilənərək 2040-cı ilə qədər hazırlanmış planın 2050-ci ilə qədər də inkişaf etdirilməsi bu Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuşdur.

Cənab Prezident, hazırda Bakıda mövcud olan su sistemləri haqqında da bu xəritədə Sizə məlumat vermək istərdim. Burada gördüyünüz mavi xətlər mövcud olan su xətlərimizdir. Bu mavi işarələr isə mövcud su anbarlarıdır ki, bunlar da suyun paylanmasında tənzimləyici rol oynayır. Fasiləsiz su təminatı ilə bağlı bizim əsas hədəflərimiz 95 faizə çatmaqdır. İçməli su şəbəkəsinin genişləndirilməsi və su itkilərinin Avropa standartlarına uyğunlaşdırılaraq 20 faizə qədər endirilməsi, içməli suda sayğaclaşmanın 100 faizə çatdırılması və çox vacib olan içməli suyun keyfiyyət göstəricisinin təkmilləşdirilməsi əhalimizə sağlam suyun verilməsini təmin etməyimizə imkan yaradacaq. Bu sistem böyüdükcə təbii ki, idarəetmə sistemlərinin müasirləşdirilməsi də çox vacibdir. Cənab Prezident, burada gördüyünüz mavi xətlər var, amma yanında da qırmızı ilə planlaşdırdığımız yeni magistral xətlər nəzərdə tutulub ki, bu magistral xətlər tikildikdən sonra bizim həm əskik olan şəbəkələşmədə, – Siz də qeyd etdiyiniz kimi, Abşeron yarımadasında 64 yaşayış məntəqəmiz, qəsəbəmiz və kəndimiz var, – onların da şəbəkələşməsi həyata keçiriləcək.

Cənab Prezident, burada vacib olan məsələlərdən biri də Bakı şəhərində və Abşeron yarımadasında içməli suya tələbatın, xüsusilə də mənbələrimizin gələcək inkişafının nəzərə alınmasıdır. Gördüyünüz kimi, burada cədvəl göstərilib, Abşeron yarımadasında bizim gündəlik orta hesabla 16 kubmetr istifadəmiz var. Bizim layihə gücümüz 19,1 kubmetrdir. Amma bildiyiniz kimi, burada orta hesabla 16 kubmetr olan rəqəm yay aylarında daha yüksək səviyyələrə qalxır. Pik tələbatımız Bakı və Abşeron yarımadasında 20,8 kubmetr/saniyə göstərir. Amma inkişaf proqnozlarına uyğun olaraq 2040-cı ildə, – bu proqram hazırda 2040-cı ilə qədər nəzərdə tutulub, – bu rəqəmlərin orta hesabla 20,7 litr kubmetr/saniyə, pik vaxtlarda isə, yəni yayın qızmar vaxtlarında və bəzi istiqamətlərdə bölgələrdə suyun gəlişində problemlər olduğu halda bu rəqəmin 26,9 kubmetr olması gözlənilir. Bununla əlaqədar bizim hazırladığımız Dövlət Proqramında, sadəcə, şəbəkələrin və magistralların genişləndirilməsi deyil, su mənbələrinin artırılması nəzərdə tutulmuşdur. Bunlardan biri təbii ki, qeyd etdiyimiz kimi, duzsuzlaşdırma layihəmizdir ki, o, illik 100 milyon kubmetrdən çox içməli su verəcək. Bu da günlük 3,2 kubmetr/saniyə əlavə su deməkdir. Bununla yanaşı, Sizin də qeyd etdiniz kimi, beş istiqamətdə – “Bakı-Şollar”dan gələn iki istiqamətimiz, Kür təmizləyici qurğulardan gələn su mənbəyimiz, Oğuz-Qəbələ su mənbəyimizi də təkmilləşdirərək onlardan da əlavə suyun gətirilməsini nəzərdə tutmuşuq. Planlaşdırmışıq ki, bunun sayəsində biz həmin o pik səviyyəni 2030-cu ildə artıq əldə etmiş olacağıq. Bununla paralel olaraq, şəbəkə genişləndikdən sonra 2040-cı ilə qədər bütün tələbat təmin olunacaq və qarşılanacaq.

Burada dediyimiz kimi, dəniz suyundan 3,2 kubmetr, Ceyranbatan sutəmizləyici qurğular kompleksini yenidən qurmaqla, klassik qurğunu bitirməklə əlavə 3 kubmetr, mövcud su xətlərində daşıyıcı kəmərlərin, qurğuların istismarı sayəsində daha 2 kubmetr su əldə edəcəyik. Çox doğru qeyd etdiyiniz kimi, bizim hazırdakı itkilərimiz bu səviyyədə olmasaydı, indi də suyumuz yetərdi. Amma o zamana qədər biz itkilərimizi 20 faiz endirdikdən sonra bu, əlavə suya ehtiyacımızı qarşılamış olacaq.

Onu da qeyd etməliyəm ki, cənab Prezident, bizim proqramda nəzərdə tutduğumuz mövcud xətlərdəki qurğuların həcminin artırılması ilə yanaşı, orada görüləcək işlər ən azından bu gün verilən suyu təminat altına alacaq. Çünki bilirsiniz, onlar Şollar və Oğuz-Qəbələ artezian sularıdır. Onları da təmir etmək yeraltı ehtiyatlarımıza da təsir göstərir. Kür çayının səviyyəsini də tənzimləyərək, biz “Mingəçevir” Su Anbarını artıq çoxillik tənzimləməyə keçmişik. Kür çayının səviyyəsini də sabit saxlayaraq, həmin yerlərdən gələn suyun dayanıqlı olaraq Bakıya çatdırılmasını nəzərdə tutmuşuq.

İçməli su ilə yanaşı, cənab Prezident, bilirsiniz, əsas məqsədimiz kanalizasiya sistemidir. Burada da məsələ su sistemlərində olduğu kimidir, biz mənbədən başlayaraq şəbəkələrə keçirik. Burada isə tam tərsinə olaraq, ilk növbədə mənsəbləri yaradaraq, yəni suyun haraya axıdılacağını, necə təmizlənəcəyini nəzərə alaraq, ondan sonra şəbəkələrin yaradılması planlaşdırılıb. Bununla əlaqədar Bakı və Abşeron yarımadasında 12 yeni kollektorun tikintisi nəzərdə tutulub ki, cənab Prezident, Sizin Sərəncamınızla onlardan 7-də artıq işə başlanılıb. Burada gördüyünüz mavi xətlər kollektorlarımızdır. Qırmızı xətlərlə artıq birinci mərhələdə tikintisinə başladığımız və 2027-ci ilin sonuna qədər bitirəcəyimiz əsas kollektorlar göstərilib. Ondan sonra – ikinci mərhələdə Abşeronun şərq hissəsində olan bu bölgələrin kanalizasiya sistemlərini təmin etmək üçün əsas magistralların tikintisi nəzərdə tutulmuşdur. Ümumiyyətlə, 346 kilometr uzunluğunda magistral kollektorların tikintisi planlaşdırılıb. Bununla yanaşı, bildiyiniz kimi, şəhərin bütün çirkab və tullantı suları hazırda Hövsan tullantı təmizləyici qurğusuna gəlir. Şəhərin bu yükünü azaltmaq məqsədilə əlavə 9 yeni təmizləyici qurğunun yaradılması nəzərdə tutulmuşdur. Bunlardan biri Ələt tullantı sutəmizləyici qurğusudur ki, bu, Ələt iqtisadi zonasının inkişafını nəzərdə tutur. Sahil təmizləyici qurğusunun, Lökbatan, Müşfiqabad qurğularının tikintisi hazırda davam etdirilir. Sumqayıt şəhərinin tullantı sutəmizləyici qurğusunun həm təkmilləşdirilməsi, həm də həcminin artırılması layihəsi davam etdirilir. Şəhərin içində Böyükşor təmizləyici qurğusu nəzərdə tutulub ki, bu, həm Böyükşor gölünün ekoloji vəziyyətinin tənzimlənməsi, həm də oradakı bütün axıntıların və tullantı sularının şəhərin içərisinə buraxılmadan təmizlənərək təmiz suyun gölə axıdılaraq onun səviyyəsinin saxlanılması nəzərdə tutulur. Yeni Pirallahı təmizləyici qurğusu da nəzərdə tutulub. Pirşağı və Şüvəlan təmizləyici qurğularının modernləşdirilməsi, onların işə salınması və bioloji təmizləmənin də həyata keçirilməsi planlaşdırılır. Bunlar həyata keçirildikdən sonra bu bölgələrdəki şəbəkələr də artıq qoşularaq həmin magistral xətlərlə təmizləyici qurğulara yönləndiriləcək və beləliklə, Bakı-Abşeron yarımadasında Xəzərə ekoloji cəhətdən təmiz su buraxılacaq. Bir çox yerlərdə bu suyun təkrar istifadəsi də nəzərdə tutulub. Bildiyiniz kimi, həm Hövsan təmizləyici qurğularında, həm də digərlərində – Sumqayıt təmizləyici qurğularında da bu suyun texniki və ya suvarma suyu olaraq yenidən istifadəsi nəzərdə tutulub. Beləliklə, kanalizasiya sistemlərini 95 faizə çatdırmağımız nəzərdə tutulur.

Cənab Prezident, hazırda görülən işlər haqqında qısa məlumat vermək istərdim. Bilirsiniz, şəhərin mərkəzindən keçən Sahil kollektoru yenidən qurulur. Zığ-Hövsan kanalizasiyası yenidən qurulur. Dərnəgül, Bakıxanov, Qaraçuxur, Hövsan kanalizasiyası, Pirşağı, Lökbatan, Müşfiqabad və Böyükşor istiqamətlərində işlər 2025-ci ilin ortalarında başlanmışdır. Burada əldə edəcəyimiz ilk nəticə təbii ki, Bakı buxtasının ekoloji mühitinin yaxşılaşdırılması olacaq. Çünki Sahil kollektoru işə düşdükdən sonra Bakı buxtasına axıdılan bütün çirkab su və yağış suları onun vasitəsilə oradan uzaqlaşdırılacaq. Ceyranbatan gölünün ekoloji mühafizə tədbirləri gücləndiriləcək. Çünki Müşfiqabad hövzəsi tikildikdən sonra o ətrafda yaranan bütün tullantı suları artıq Müşfiqabad təmizləyici qurğusuna və oradan da Sumqayıtçaya yönləndiriləcək. Bizim yarımadamızın şimal, şimal-şərq zonasında bütün kəndlərdəki əsas kanalizasiya sistemləri mənsəbləri yaradılaraq oradakı şəbəkələr həmin kollektorlara qoşulacaq.

İkinci mərhələdə isə Hövsan, Binə, Maştağa, Türkan – xəritədə gördüyümüz yaşıl xətlər Şüvəlan hövzəsi, Ələt hövzəsi, Sahil, Pirallahı hövzələri üzrə kanalizasiya kollektorları tikiləcək ki, bu işlər də həyata keçirildikdən sonra, – mən bir-bir vaxtınızı çox alaraq kəndlərin adlarına keçmək istəmirəm, burada yazılıb, – bizim yarımadanın şərq tərəfində qalan bütün kəndlərin kanalizasiya sistemlərinin şəbəkələri onlara qoşularaq təmizləyici qurğulara yönləndiriləcək.

Bununla yanaşı, təbii ki, intensiv yağışlar zamanı şəhərin mərkəzində yaranan problemlərimizdir ki, biz bunları hər dəfə yağışlar yağanda yaşayırıq. Bununla əlaqədar qeyd etdiyimiz Bakı şəhərində 30 küçə üzrə yeni yağış sistemlərinin tikilməsi, ilk növbədə, onların texniki-iqtisadi əsaslandırılması və ondan sonra onların həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cənab Prezident, təbii ki, 2025-ci ilin aprel ayında yağan yağışlardan Sizin də çox yaxşı məlumatınız var, son 60 ildə yağmayan bir yağış yağmışdır. Yəni 100 ildə bir, 1000 ildə bir yağa biləcək yağışları hər hansı bir sistemin qarşılaya biləcək səviyyədə olması imkansızdır. Amma ən azından normalara uyğun və normalardan bir az da artıq gələn yağışları qarşılaya bilmək üçün bu sistemlərin həyata keçirilməsi çox vacibdir və bu küçələrin siyahısı var. Amma bu, təbii ki, proses getdikcə təkmilləşdiriləcək, daha düzgün, daha uyğun olan küçələrdə bu sistemlərin tikilməsi nəzərdə tutulmuşdur. Bu şəkildə bizim şəhərin mərkəzində olan əsas problemlərin aradan qalxması planlaşdırılmışdır.

Cənab Prezident, bütün bu tikinti və layihələndirmə işləri ilə yanaşı, bu sistemlərin düzgün uçotunun aparılması və rəqəmsallaşdırılması da çox vacibdir. Çünki sistemlər genişləndikcə onlara insan sayı ilə nəzarət etmək mümkün olmayacaq. Bunun üçün də bir çox yerlərdə – Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı və yağış suları sistemlərində proqram təminatları, yeni “Skada” sistemləri, “Ayote” (IoT) dediyimiz internet texnologiyalarından istifadə edilərək nəzarət sistemləri qurulacaq ki, bu da uçot sisteminin elektronlaşdırılmasına və təkmilləşdirilməsinə, insan amilinin bu sistemdən mümkün qədər çıxarılmasına yol açacaq. Suyun keyfiyyət göstəriciləri onlayn monitorinq olunacaq və bu şəkildə gündə bir neçə dəfə laboratoriya analizləri almaqla deyil, gördüyümüz hər hansı bir dəyişiklik onlayn şəkildə sistemdə göstərilərək yerində və zamanında müdaxilələr həyata keçiriləcək. Sızmaların və su itkilərinin qarşısının alınması üçün “Ayote” monitorinq sistemləri sayəsində bundan çox tez xəbər tutmağı və onun operativ şəkildə həll edilməsini nəzərdə tuturuq. Təbii ki, bütün bu işlərin görülməsi ilə yanaşı, biz həmin istiqamətdə maddi-texniki bazanın, yəni istismar qurumlarının maddi-texniki bazasını yüksəldərək, onların bu xətalara, bu qəzalara və bu işlərə operativ reaksiya göstərməsini nəzərdə tuturuq.

Bu işlərdən başqa, təbii ki, bilirsiniz, Su Ehtiyatları Agentliyi olaraq bizim suların istifadəsinə və mühafizəsinə nəzarət xidmətimiz də var. Bununla yanaşı, su təsərrüfatı sistemlərində mühafizə zonalarının təhlükəsizliyinin gücləndirilməsi və istismarın təkmilləşdirilməsi çox vacibdir. Bir az əvvəl qeyd etdiyimiz kimi, bir çox yerlərdə mühafizə zonalarında tikilmiş binaların, evlərin həm bizim sistemlərə, həm də o evlərin təhlükəsizliyinə çox böyük təsiri var. Su, yağış və tullantı sistemlərinin mühafizə zonaları üzrə inventarlaşdırmanın aparılması, həmçinin müvafiq qurumlarla bərabər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq mühafizə zonalarının fəaliyyətinə dair tədbirlərin görülməsi zəruridir. Nazirlər Kabinetinə siyahı təqdim edilməklə bir çox yerlərdə məcburi köçürmələr olacaq. Çünki dediyimiz kimi, bəzi magistral kanallara əlçatanlığımız olmadığı üçün bəzi yerlərdə bu köçürmələrə də ehtiyac olacaq. Su təsərrüfatı obyektlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınması ilə əlaqədar Sizin bu yaxınlarda imzaladığınız Sərəncamla bəzi qaydalar artıq qüvvəyə minir. Bununla əlaqədar biz bəzi işləri də bu ayın sonuna qədər Nazirlər Kabinetinə təqdim edəcəyik və bu da bizim işimizin daha da inkişaf etməsinə yol açacaq. Su və su təsərrüfatı obyektlərinin kimyəvi, bioloji, hidroloji və digər çirklənmələrdən mühafizə tədbirlərinin həyata keçirilməsi – bütün bunlar dediyimiz kimi, dövlət proqramı, sadəcə, investisiya ilə əlaqəli tədbirləri nəzərdə tutur. Bu, həm də bizim istismar qurumlarımızın, xidmətlərimizin 10 il boyunca həm öz işlərinin təkmilləşdirilməsinə, həm də gündəlik istismar işlərinin daha da genişləndirilməsinə yol açacaq. Bu tədbirləri nəzarətdə saxlayaraq biz 10 il ərzində bütün bu sistemlərin Avropa standartları səviyyəsinə çatdırılmasını nəzərdə tutmuşuq.

Deyəcəklərim bu qədər, cənab Prezident, əgər icazə versəydiniz, bu proqramın qəbul olunmasını Sizdən xahiş edərdim.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Sonra müzakirələr davam etdirildi.

Oxşar Xəbərlər

Back to top button