
Böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Azərbaycana böyük xidmətləri indi tarix olsa da, əbədiyyən yaşayacaq, yaşadılacaq. Azərbaycanın gələcəyini hələ sovetlər dönəmində düşünən dahi şəxsiyyət sovet ideologiyası tərkibində azərbaycançılıq ideologiyasını bütün təhlükələrdən qoruyaraq yaşadırdı. Bu ideologiya dil amili ilə də bağlı idi.
Böyük tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunmasından 47 il ötür. Bu müddət ərzində ana dilimizə qayğı dəfələrlə müəyyən tarixi sənədlərdə öz əksini tapıb.
Azərbaycan Demokratik Respublikası ilhaq edildikdən sonra SSRİ yaradıldı, müttəfiq respublikalarda da dövlət dili rus dili müəyyənləşdirildi. Bu, öz əksini Konstitusiyada da tapmışdı. Respublikalarda milli dilin fəallığı nəzərə çarpacaq dərəcədə sıxışdırılmağa başladı. Belə bir vaxtda milli dilə həssaslıqla yanaşmaq, onun cəmiyyətdə işləkliyi qayğısına qalmaq böyük cəsarət tələb edirdi. Bu haqda fikir səsləndirənlər ciddi təqib edilirdi. Bu sahə elm üzünə də qapanmışdı. Həmin vaxtlarda Azərbaycan KP MK-nın birinci katibi böyük tarixi şəxsiyyət Heydər Əliyev idi. O, belə bir mühüm problemin həlli üçün cəsarətli bir təşəbbüs göstərdi: 1978-ci il aprel ayının 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi də əlavə edildi. Bu da böyük tarixi şəxsiyyətin Azərbaycanımıza, xalqımıza misilsiz xidmətlərindən biri oldu. Böyük tarixi şəxsiyyət digər dövlət rəmzləri kimi ana dilini də olduqca müqəddəs bilirdi, ziyalıları, ümumən xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edirdi, deyirdi ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir, bu hüquq hər bir vəətəndaşa öz ana dilində təhsil almaq imkanı yaradır.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il noyabrın 5-də keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirmişdir: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili kimi təsbit edilmişdir.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev qeyd etmişdir: “Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır”.
Sevinc Həşimova,
Balaxanı qəsəbəsi, 259 №li tam orta məktəbin İbtidai sinif müəllimi