
20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində həm böyük faciə, həm də milli oyanış günü kimi yadda qalmışdır. Həmin gecə Sovet imperiyasının hərbi-siyasi rəhbərliyi tərəfindən Bakıya yeridilən silahlı qüvvələr dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törətdi. Günahsız insanların qətlə yetirilməsi, yüzlərlə insanın yaralanması, şəhərin hərbi texnika ilə darmadağın edilməsi təkcə insanlığa deyil, hüquqa, demokratiyaya və humanizm prinsiplərinə qarşı açıq təcavüz idi. Bu hadisə Azərbaycan xalqına qarşı törədilmiş planlı və məqsədli terror aktı idi.
20 Yanvar faciəsinin baş verdiyi dövrdə Sovet ideoloji maşını həqiqətləri gizlətməyə, informasiya blokadası yaratmağa, cinayəti ört-basdır etməyə çalışırdı. Respublika rəhbərliyi isə xalqın yanında deyil, mərkəzin iradəsinə tabe olaraq xəyanət mövqeyi tutmuşdu. Məhz belə bir ağır və təhlükəli siyasi şəraitdə Azərbaycan xalqının haqq səsini dünyaya çatdıran, bu qanlı hadisəyə ilk dəfə açıq və cəsarətli siyasi-hüquqi qiymət verən şəxs Ümummilli Lider Heydər Əliyev oldu.
Faciənin ertəsi günü – 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Sovet hakimiyyətinin sərt nəzarəti və real təhlükələr fonunda xalqla birgə olduğunu açıq şəkildə bəyan etdi. O, 20 Yanvar faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd olan, mərkəzi hakimiyyətin və o zamankı respublika rəhbərlərinin xəyanəti nəticəsində baş vermiş ağır siyasi səhv və cinayət kimi qiymətləndirdi. Bu çıxış təkcə bir siyasi bəyanat deyil, bütöv bir xalqın şərəfinin və ləyaqətinin müdafiəsi idi.
Heydər Əliyev mətbuat konfransı keçirərək Bakıdakı hərbi əməliyyatları törədən hakimiyyət nümayəndələrini və hərbçiləri açıq şəkildə cinayətkar adlandırdı. Dinc əhaliyə qarşı tətbiq edilən zorakılığı isə bir xalqa qarşı edilmiş tarixi cinayət kimi xarakterizə etdi. O, Azərbaycan xalqına başsağlığı verərək, bu faciənin heç vaxt unudulmayacağını və ədalətin bərpa olunmasının zəruri olduğunu bildirdi.
Bu mövqe Sovet sistemində nadir rast gəlinən siyasi cəsarətin və əsl vətəndaşlıq məsuliyyətinin nümunəsi idi.
Ümummilli Liderin həmin tarixi mövqeyi onun sonralar səsləndirdiyi fikirlərdə də aydın ifadə olunmuşdur:
“Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”
Bu sözlər 20 Yanvar faciəsinə verilən siyasi-hüquqi qiymətin mahiyyətini tam şəkildə əks etdirir. Heydər Əliyev üçün bu məsələ yalnız keçmişin ağrısı deyil, gələcəyin məsuliyyəti idi.
Kremlin sərt informasiya blokadasına baxmayaraq, Heydər Əliyevin çıxışı qısa müddətdə bütün dünyaya yayıldı. Bu bəyanat beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda baş verənlərə yönəltdi və Sovet hakimiyyətinin əsl simasını ifşa etdi. Ən əsası isə, bu çıxış Azərbaycan xalqının qəlbində ümid çırağını yandırdı. Xalq gördü ki, onun haqq səsini müdafiə edən, qorxmadan həqiqəti deyən lideri var.
Sonrakı illərdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi və hüquqi qiymət verildi. 1994-cü ildə Milli Məclisdə qəbul olunan qərar bu faciənin mahiyyətini tam şəkildə ortaya qoydu və onu Azərbaycan xalqına qarşı törədilmiş cinayət kimi rəsmiləşdirdi. Bu, məhz vaxtilə Moskvada atılan cəsarətli addımın məntiqi davamı idi.
Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan dövlətinin və xalqının yaddaşında əbədi yaşayır. Onların qanı müstəqillik yolunda tökülən müqəddəs qan idi. Bu faciənin unudulmaması, gələcək nəsillərə düzgün şəkildə çatdırılması isə Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin və milli yaddaş siyasətinin əsas tərkib hissəsidir.
20 Yanvar təkcə faciə deyil, həm də milli iradənin sarsılmazlığının sübutudur. Bu iradəyə ilk hüquqi-siyasi sözünü deyən isə Ümummilli Lider Heydər Əliyev oldu. Onun həmin gün nümayiş etdirdiyi mövqe Azərbaycan tarixində əbədi olaraq ədalətin, cəsarətin və milli şərəfin simvolu kimi qalacaq.
İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının əməkdaşı



