
Azərbaycan bu gün enerji sahəsində tam müstəqil dövlətlərdən biri kimi çıxış edir. Ölkə həm ənənəvi, həm də alternativ enerji mənbələri baxımından özünü təmin etməklə yanaşı, artıq bu resursları dünya bazarlarına ixrac edən mühüm tərəfdaşa çevrilmişdir. Enerji təhlükəsizliyi müasir dövrdə dövlətlərin iqtisadi və siyasi sabitliyinin əsas amillərindən biridir və Azərbaycan bu sahədə uğurlu strategiya həyata keçirir.
Azərbaycanın enerji potensialının əsasını neft və təbii qaz təşkil edir. Xəzər dənizində yerləşən zəngin yataqlar ölkənin uzun illərdir enerji ixracatçısı kimi mövqeyini möhkəmləndirib. “Azəri-Çıraq-Günəşli” neft yataqları və “Şahdəniz” qaz yatağı Azərbaycanın enerji sektorunda mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və TANAP kimi beynəlxalq layihələr vasitəsilə Azərbaycan enerji resurslarını Avropa və digər regionlara çatdırır. Bu layihələr ölkənin dünya enerji bazarında strateji əhəmiyyətini daha da artırmışdır.
Bununla yanaşı, son illərdə Azərbaycan alternativ və bərpa olunan enerji sahəsində də mühüm addımlar atır. Günəş, külək və su elektrik stansiyalarının qurulması enerji balansının şaxələndirilməsinə xidmət edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə atılmış mühüm addımlardandır. Məqsəd yalnız daxili tələbatı ödəmək deyil, gələcəkdə yaşıl enerjinin də ixracını həyata keçirməkdir.
Enerji sahəsində əldə olunan nailiyyətlər ölkənin iqtisadi inkişafına da müsbət təsir göstərir. Enerji ixracından əldə olunan gəlirlər infrastrukturun yenilənməsinə, sosial layihələrin həyata keçirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilir. Bu isə uzunmüddətli və dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradır.
Azərbaycan bu gün enerji baxımından tam təmin olunmuş və güclü ixrac potensialına malik ölkədir. Enerji strategiyasının düzgün qurulması və beynəlxalq əməkdaşlıq ölkənin qlobal enerji təhlükəsizliyində mühüm rol oynamasına şərait yaradır. Gələcəkdə alternativ enerji mənbələrinin inkişafı ilə Azərbaycan öz mövqeyini daha da möhkəmləndirəcək və dünya enerji bazarında aparıcı tərəfdaşlardan biri kimi çıxış etməyə davam edəcəkdir.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiysı , məsləhətçi



