AnalitikaGündəmSiyasət

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir

Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinin əsası qoyulan 15 iyun – Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirildi.

“Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” – Ulu Öndər Heydər Əliyev.

“Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi” – Prezident İlham Əliyev.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir. 15 İyun – Milli Qurtuluş Günündən başlayan böyük siyasi kurs möhtərəm Prezidentimizin müdrik siyasəti və dönməz iradəsi sayəsində çox uğurla davam etdirilir. Şanlı Zəfər qələbəsi və uğurlu antiterror əməliyatları nəticəsində tam ərazi bütövlüyü təmin edilmiş Azərbaycanda bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında işğaldan azad olunmuş bütün ərazilərdə möhtəşəm quruculuq, təmir-bərpa işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirlir, Qarabağa yeni həyat qayıdıb, bu ərazilər heç bir kənar köməklik olmadan yalnız dövlətimizin öz gücü ilə tamamilə yenidən qurulur və artıq bir sıra layihələrin icrası başa çatdırılıb.

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.

Günel Əbdürəhmanova
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button