AnalitikaGündəmSiyasət

Dəmir Yolu İnfrastrukturu və Azərbaycanın Qlobal Nəqliyyat Hədəfləri

İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz Prezident İlham Əliyevin göstərişi ilə Naxçıvana doğru həm dəmir, həm də avtomobil yollarının inşasına dərhal başlanılmışdır. Dövlət başçısının verdiyi məlumata görə, bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır və dəmir yolunun tikintisi də böyük sürətlə gedir. Azərbaycan dövləti Ermənistan hissəsi hazır olmadığı üçün hazırda investisiyaları digər təcili sahələrə yönəltsə də, gələn il dəmir yolu mütləq şəkildə Ermənistan sərhədinə gəlib çatacaqdır.

Naxçıvan daxilində isə dəmir yolu infrastrukturunun bərpası tam sürətlə davam edir. Prezident İlham Əliyevin birbaşa göstərişi ilə Nəqliyyat Nazirliyi və Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində, eləcə də Sədərək rayonları ərazisində çatışmayan 3-5-7 kilometrlik kiçik hissələrin yenidən inşasına başlamışdır. Qalan mövcud dəmir yolu prinsipcə işlək vəziyyətdə olsa da, Azərbaycan rəhbərliyi qlobal hədəflər naminə tamamilə yeni logistika konsepsiyası həyata keçirir.

Mövcud dəmir yolunun yükaşırma qabiliyyəti cəmi 1,5 milyon tondur ki, bu da dövlətin gələcək planları üçün yetərli deyildir. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi üzrə tələbi ondan ibarətdir ki, bu nəqliyyat marşrutundan ən azı 15 milyon ton yük keçməlidir. Bu nəhəng həcmi təmin etmək məqsədilə Naxçıvan ərazisində tamamilə yeni texniki-iqtisadi əsaslandırma işlənilib və 15 milyon ton yükü qaldıra biləcək, geniş döngələrə malik 194 kilometr uzunluğunda yeni dəmir yolu xətti çəkiləcəkdir.

Bütün bu logistika inqilabı Azərbaycanın qüdrətli iqtisadi potensialı hesabına başa gəlir. Avropa İttifaqı kimi beynəlxalq aktorlar bu dəhlizə böyük maraq göstərsə də, Prezident İlham Əliyev qəti şəkildə bəyan etmişdir ki, beynəlxalq konsorsium yaradılmasa belə, Azərbaycan vaxt itirmədən öz vəsaiti hesabına bu yolu tam işlək vəziyyətə çatdıracaqdır. Azərbaycanın qərarların qəbulu və dərhal icrasına başlanması prinsipləri ölkəmizi qlobal logistikanın mərkəzinə çevirir.

Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button