
Bu gün bir şeyi sakit şəkildə başa düşmək lazımdır. Bəli, yağış normadan artıq yağıb, bəzi yerlərdə infrastruktur problemləri ortaya çıxıb. Bunu heç kim inkar etmir. Dünyanın ən inkişaf etmiş şəhərlərində belə güclü yağışlar, təbii hadisələr müəyyən çətinliklər yaradır. Problem varsa, əlbəttə həll də olacaq. Dövlət proqramı qəbul olunub, kanalizasiya sistemlərinin yenilənməsi nəzərdə tutulur, məsuliyyətsizlik olubsa araşdırılacaq, günahkar varsa cavab verəcək.
Amma məni düşündürən başqa məsələdir.
Bu gün ölkəmizdə böyük beynəlxalq tədbir keçirilir. WUF13 Beynəlxalq Şəhərsalma Forumuna dünyanın müxtəlif ölkələrindən on minlərlə qonaq gəlib, dövlət və hökumət nümayəndələri buradadır. Ölkəmizə bu qədər insanın gəlməsi də təsadüf deyil. Bu, ölkənin gücünün göstəricisidir. Bu, dövlətə olan etimaddır. Bu, Azərbaycanın dünya xəritəsində söz sahibi olduğunun göstəricisidir. Çünki heç kim sabit olmayan, etibar edilməyən yerə belə miqyasda gəlmir. Bu bizim dövlətimizin uğurudur, bizim ölkəmizin uğurudur. Və dövlət təkcə hansısa qurumdan, hansısa binadan ibarət deyil. Dövlət – bizik. Bu ölkənin küçəsində gəzən, çörəyini yeyən, havasını udan, sabahını burada quran hər bir insan bu dövlətin bir hissəsidir.
Məhz buna görə də bir məqamı başa düşmək lazımdır. Problem haqqında danışmaq başqa şeydir, problemi məsxərəyə çevirmək başqa şeydir. Tənqid etmək başqa şeydir, öz ölkəni gözdən salmağa çalışmaq başqa şey…
Bir sual verim. Evimizə qonaq gələndə nə etmişik? Heç olubmu qonağı qapıda qarşılayıb deyək: “Gəl əvvəl sənə evimizin bütün problemlərini göstərim?” Yox. Və ya ailə daxilində olan hər problemi qonağın qarşısında müzakirə etmişik? Yox.
Bu o demək deyil ki, evdə problem yoxmuş kimi davranmalıyıq. Əsla. Problem varsa danışılmalıdır, həll olunmalıdır. Amma dövlətin, ailənin, evin, ocağın hörməti də qorunmalıdır.
Bu ölkə bizim evimizdir. Evimizin damında problem yarananda damı düzəldirlər, evi dağıtmırlar. Tənqid edə bilərik, tələb edə bilərik, daha yaxşısını da istəyə bilərik. Amma bunu öz evimizi, öz dövlətimizi, öz ölkəmizi məsxərəyə çevirmədən edək. Çünki sabah qonaqlar gedəcək. Bu torpaqda yaşamağa, bu dövlətin yanında dayanmağa, bu ölkənin gələcəyini qurmağa davam edən yenə biz olacağıq…
Rəşadət Xalıqov



