
Azərbaycan tarixinin ən şanlı və şərəfli səhifələri yazılır — Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin səriştəli rəhbərliyi altında, həm də dünyanın baş şəhəri sayılan Vaşinqtonda!
Bütün dünyanın diqqət mərkəzində olan ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton zirvə görüşlərinin uğurla yekunlaşması, ölkəmizin böyük və tarixi diplomatik qələbəsi hamımızı sevindirdi.
Bu gün təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazanılan zəfərləri Vaşinqtonda, diplomatiya meydanında təsdiqlətdi. Bu uğur ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.
Prezident İlham Əliyev səfərin nəticələrini yüksək qiymətləndirərək dedi:
“Bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, bölgəmizə dayanıqlı sülh gəlib. Bu, Azərbaycan, Ermənistan və bütün bölgə üçün əhəmiyyətlidir. Biz bunu dünyanın ən nüfuzlu paytaxtında, ən güclü Prezidentin iştirakı ilə etdik. Haqq-ədaləti müharibə yolu ilə bərpa etdik, indi isə siyasi müstəvidə nöqtəni qoyduq.”
Bu nəticə 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatındakı qələbələrin məntiqi davamı olaraq sülh ilə tamamlandı.
Görüş çərçivəsində ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzaladı.
Səfər zamanı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirildi, xarici işlər nazirləri tərəfindən sülh sazişi layihəsi paraflandı və ATƏT-in Minsk Qrupu ilə bağlı strukturların bağlanması üçün birgə məktub imzalandı.
Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində əldə olunan razılaşmalar tarixi əhəmiyyətə malikdir və qürurverici diplomatik uğurlardır.
Vaşinqtonda imzalanan sənədlər Azərbaycanın diplomatik qələbəsini təsdiqləməklə yanaşı, ölkəmizin regional və qlobal rolunu bir daha göstərdi. Prezident İlham Əliyev sübut etdi ki, o, təkcə müharibənin qalibi deyil, həm də sülhün müəllifidir.
Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi