AnalitikaGündəmSiyasət

ECO Zirvəsi sülh və inkişaf üçün yeni imkanlar açdı

2025-ci il iyulun 4-də Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşü, Azərbaycanın beynəlxalq diplomatiya arenasında qazandığı mövqeyi daha da gücləndirdi. Prezident İlham Əliyev bu görüşün məhz Qarabağda təşkil olunmasının xüsusi simvolik mənasını vurğuladı. İşğaldan azad olunmuş bu ərazilərin indi beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq mərkəzinə çevrilməsi regionda yeni reallıqların göstəricisidir. ECO Zirvəsi sülh və inkişaf üçün yeni imkanlar açdı.

Prezident İlham Əliyev Azərbaycanın ECO çərçivəsindəki fəallığına xüsusi yanaşır. 2006 və 2012-ci illərdə Bakıda keçirilən zirvə görüşlərindən sonra, bu dəfə Xankəndidəki ev sahibliyi yeni bir mərhələ deməkdir. Azərbaycanın təşəbbüsü ilə təşkil edilən ECO Həftəsi – Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu – regionun diplomatik mərkəzə çevrildiyini göstərir. Bundan əlavə, Şuşanın 2026-cı ildə “ECO-nun Turizm paytaxtı” elan edilməsi Qarabağın gələcəkdə iqtisadi, mədəni və turistik mərkəzə çevriləcəyinin bariz göstəricisidir.

Xankəndidə keçirilən bu görüş təkcə iqtisadi deyil, həm də siyasi mesaj daşıdı. Bu tədbir, Azərbaycanın Cənubi Qafqazda aparıcı rola malik olduğunu və beynəlxalq tərəfdaşları ilə bərabərhüquqlu münasibətlər qurduğunu bir daha nümayiş etdirdi. İƏT-in 17-ci Zirvə görüşü həm Azərbaycanın regional liderlik iddiasını möhkəmləndirdi, həm də sülh və inkişaf yolunda yeni səhifə açdı.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button