
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 160” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə və ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin roluna həsr olunmuş görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov gənclərin maarifləndirilməsinin, onların milli-mənəvi dəyərlər və dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb. O, cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər kontekstində ideoloji təhlükəsizliyin qorunmasının, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsinin və informasiya mühitində düzgün mövqenin formalaşdırılmasının vacibliyini qeyd edib.
272 nömrəli tam orta məktəbin direktoru Anar Mustafazadə çıxışında təhsil müəssisələrinin gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rolundan danışıb. O, şagirdlərin vətənə və dövlətə bağlı, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, müasir bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar kimi yetişdirilməsinin təhsilin əsas hədəflərindən olduğunu bildirib. Direktor, həmçinin, gənclərin zərərli informasiya təsirlərindən qorunması və onların tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin həyata keçirilməsi, gənclərin maarifləndirilməsi, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və ideoloji təhlükəsizliyin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.




