AnalitikaGündəmSosial

Görkəmli akademik Zərifə xanım Əliyeva

15 aprel tarixi Azərbaycanın tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə xanım Əliyevanın anım günü kimi yad olunur. Onun zəngin elmi irsi, insani keyfiyyətləri və Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələr bu gün də böyük ehtiramla xatırlanır.

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, Azərbaycanın ilk qadın oftalmoloq-alimlərindən biri olaraq, göz xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində dəyərli tədqiqatlar aparmışdır. Zərifə xanım uzun illər Azərbaycan Tibb Universitetində və Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışmış, həm müəllim, həm də alim kimi gənc nəsillərə yol göstərmişdir.

Onun elmi fəaliyyətində peşə patologiyası və oftalmologiya sahəsində apardığı tədqiqatlar xüsusi yer tutur. Zərifə Əliyeva Azərbaycanda ilk dəfə olaraq peşə ilə bağlı göz xəstəliklərinin araşdırılması və onların qarşısının alınması istiqamətində sistemli işlər aparmış, bu sahədə bir sıra fundamental əsərlərin müəllifi olmuşdur. Onun “Peşə patologiyası sahəsində oftalmologiyanın rolu” adlı doktorluq dissertasiyası böyük əhəmiyyət daşıyır.

Zərifə xanım, həmçinin bir sıra beynəlxalq elmi təşkilatların üzvü olmuş, dünyanın müxtəlif ölkələrində keçirilən konqres və simpoziumlarda Azərbaycan tibb elmini uğurla təmsil etmişdir. O, həm də ictimai xadim kimi də fəallıq göstərmiş, qadınların elmə, təhsilə və səhiyyəyə töhfələr verməsində mühüm rol oynamışdır.

Zərifə Əliyeva təkcə böyük alim yox, həm də ləyaqətli həyat yoldaşı və qayğıkeş ana olmuşdur. Onun ailə həyatı da Azərbaycan ictimaiyyəti üçün nümunəvi idi. Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım, xalqına və vətəninə sadiq xidmət etməklə ömür yolu keçmişdir.

Zərifə Əliyevanın parlaq xatirəsi bu gün də Azərbaycan xalqının yaddaşında yaşayır. Onun adı tibb elminin səhifələrində, tələbələrinin xatirəsində və saysız-hesabsız xəstələrin minnətdarlığında daim yaşayacaqdır.

Sevinc Əliyeva,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button