
Gürcüstan Parlamenti “Qrantlar haqqında” Qanuna yenidən dəyişikliklər edilib. Yeni dəyişikliklərə əsasən qanunun tələbləri bir qədər yumşaldılıb.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, qanuna edilən dəyişikliklər 80 səslə yekdilliklə dəstəklənib.
Qanun layihəsinə edilən dəyişiklikdə deyilir: “Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər, konsulluqlar və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən verilən və xarici hökumətin və ya xarici siyasi partiyanın siyasi və ya ictimai maraqlarından, yanaşmalarından və ya əlaqələrindən irəli gələn fəaliyyətlər üçün istifadə edilən və ya istifadə edilə bilən vəsaitlər artıq qrant hesab edilmir”.
Parlamentdə məruzəçi, Hüquqi Məsələlər Komitəsinin sədri Arçil Qorduladze qeyd edib ki, bununla da xarici səfirlik öz fəaliyyətini həyata keçirmək məqsədilə öz dövlətindən vəsait alırsa, bu, qrant hesab edilməyəcək və müvafiq olaraq, Gürcüstan hökumətinin razılığı tələb olunmayacaq.
Lakin səfirlik Gürcüstan vətəndaşına, fiziki və ya hüquqi şəxsə qrant vermək istədikdə, yenə də Gürcüstan hökuməti ilə razılaşma tələb ediləcək.



