
Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə etdiyi səfər Azərbaycan dövlətçiliyi və xalqının gücünü bir daha nümayiş etdirdi. O, çıxışına “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri ilə başlayaraq, bu torpaqların işğaldan azad olunmasından sonra görülən genişmiqyaslı işləri vurğuladı. Dövlət başçısı bildirdi ki, Azərbaycan dövləti Kəlbəcərdə insanların rahat və təhlükəsiz yaşaması üçün gözəl şərait yaradıb, yeni Kəlbəcər isə dünyanın ən mənzərəli şəhərlərindən birinə çevrilməkdədir.
Prezident xatırlatdı ki, Kəlbəcərin işğalı Azərbaycan xalqı üçün böyük faciə idi və 1993-cü ilin aprelində baş verən bu hadisə ovaxtkı xəyanətkar rəhbərliyin səriştəsiz və bəd əməllərinin nəticəsi olmuşdur. O, qeyd etdi ki, münaqişəni həll etmək mandatı olan beynəlxalq qurumlar illərlə bu məsələyə ədalətsiz yanaşaraq işğalı əbədi etmək istəyirdilər. Lakin Azərbaycan xalqı və dövləti bir yumruq kimi birləşdi, qəhrəman ordumuzun gücü və xalqımızın iradəsi nəticəsində Ermənistan cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur edildi.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, tarix bir daha göstərdi – 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün qərar idi. Bununla yanaşı, 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpası ilə nəticələndi. Bu günlər də 8 noyabr – Zəfər Günü qədər tarixi və şərəflidir.
Dövlət başçısı bildirdi ki, Ermənistanla sülh müqaviləsinin müəllifi Azərbaycan tərəfidir və sənədin bütün bəndlərində Azərbaycanın mövqeyi əsas götürülüb. Azərbaycan xalqı ən yüksək beynəlxalq müstəvidə öz böyüklüyünü bir daha nümayiş etdirmiş, mövqeyi isə həmişə ədalətli mövqe kimi qəbul olunmuşdur. Prezident əlavə etdi ki, Azərbaycanın kifayət qədər güclü tərəfdaşları var və dünya birliyi ölkəmizin Qələbəsini, yeni reallıqları tam qəbul edib. Bu isə tarixi hadisə olmaqla yanaşı, Azərbaycanın gücünün bariz sübutudur.
Prezident İlham Əliyev çıxışında həmçinin qeyd etdi ki, Azərbaycan ləyaqətli, güclü dövlətdir və heç kim ölkəmizə qarşı gələcəkdə hansısa bəd niyyətli planlar barədə düşünməməlidir. Çünki xalqımız öz qisasını döyüş meydanında alıb və bir daha böyüklüyünü göstərib. Bununla belə, dövlət başçısı vurğuladı ki, Azərbaycan hər zaman sülh tərəfdarıdır, lakin qanlı tarix heç vaxt unudulmamalı, şirin vədlərə aldanılmamalı, xalqımız daim ayıq-sayıq olmalıdır.
Prezident çıxışını gələcəyə dair mesajlarla tamamladı: Azərbaycanın əsas işi bu gün quruculuqdur, azad edilmiş torpaqlarda geniş bərpa və inkişaf proqramları həyata keçirilir. Bununla yanaşı, xalqımız tarixini heç vaxt unutmayacaq, çünki keçmişi xatırlamaq gələcək nəsillərə daha güclü və ayıq şəkildə irəliləmək imkanı verir.
Bu səfər Prezident İlham Əliyevin Kəlbəcərə etdiyi çoxsaylı səfərlərdən biri olmaqla yanaşı, həm də dövlətimizin quruculuq missiyasını, xalqımızın birlik və qətiyyətini bir daha nümayiş etdirdi. Kəlbəcər bu gün Azərbaycan dövlətçiliyinin gücünün, xalqın əzminin və Zəfərin canlı simvoluna çevrilib.
Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi