AnalitikaGündəmSiyasət

Kəlbəcərin İşğalı və Azadlığı: Tarixi Qələbəmizin Dönüm Nöqtəsi

Kəlbəcər rayonu Azərbaycanın ən gözəl və strateji bölgələrindən biridir. Qərb bölgəsində, dağlıq ərazidə yerləşən Kəlbəcər zəngin təbiəti, mineral suları, füsunkar dağ mənzərələri ilə yanaşı həm də mühüm coğrafi mövqeyi ilə seçilir. Bu mövqeyinə görə Kəlbəcər həm iqtisadi, həm də hərbi baxımdan böyük əhəmiyyət daşıyır.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal etdilər. Nəticədə on minlərlə dinc sakin doğma yurdlarından məcburi köçkünə çevrildi. İşğal dövründə Kəlbəcərin kəndləri yandırıldı, tarixi abidələr dağıdıldı, təbiət talan edildi. Bu, təkcə Azərbaycan xalqına deyil, ümumbəşəri mədəniyyətə qarşı da cinayət idi.

Uzun illər boyu Azərbaycan xalqı bu ədalətsizliyə son qoyulacağı günü gözlədi. Ermənistan rəhbərliyi isə beynəlxalq hüququ pozaraq bölgəni işğal altında saxladı.

2003-cü ildən etibarən Prezident İlham Əliyev ölkənin güclənməsi, iqtisadiyyatın inkişafı və ordunun modernləşdirilməsi istiqamətində ardıcıl addımlar atdı. “Güclü ordu – güclü dövlət” prinsipi əsasında həyata keçirilən siyasət nəticəsində Azərbaycan Ordusu qısa müddətdə regionun ən qüdrətli hərbi qüvvəsinə çevrildi.

Prezident İlham Əliyevin qətiyyətli diplomatik fəaliyyəti, beynəlxalq tribunadan ədalətli mövqeyimizin dəfələrlə səsləndirilməsi və güclü iqtisadi dayaqların formalaşdırılması Azərbaycanın 2020-ci ildə tarixi qələbəsinə yol açdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrildi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni darmadağın edərək 30 ilə yaxın davam edən işğala son qoydu.

Noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Ermənistan ordusu Kəlbəcərdən çıxmağa məcbur edildi. 25 noyabr 2020-ci ildə Kəlbəcər rəsmi olaraq Azərbaycanın nəzarətinə qaytarıldı. Bu, tarixi ədalətin bərpası, xalqımızın böyük qələbəsi idi.

Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqın ordusuna və dövlətinə göstərdiyi dəstək nəticəsində Kəlbəcər azad edildi. Bu gün rayonda geniş bərpa-quruculuq işləri aparılır, yollar çəkilir, infrastruktur yenilənir, köçkünlərin yurdlarına qayıdışı üçün hazırlıqlar görülür.

Kəlbəcərin işğaldan azad olunması Prezident İlham Əliyevin uğurlu siyasətinin, Azərbaycan Ordusunun qüdrətinin və xalqımızın birliyinin təntənəsidir. Bu qələbə yalnız hərbi deyil, həm də siyasi, diplomatik və mənəvi qələbədir. Azərbaycan xalqı bu tarixi zəfəri əsrlər boyu qürurla xatırlayacaq.

İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button