Laçın – keçmişin yaddaşı, gələcəyin ümidləri

Laçının tarixində həm böyük faciələr, həm də mühüm qələbələr var. İşğal illəri şəhər və rayon sakinləri üçün ağır sınaq olub. İnsanların doğma torpaqlarından didərgin düşməsi, mədəni və sosial obyektlərin dağıdılması Laçının tarixində dərin iz buraxıb.
Lakin Laçının tarixində 2020-ci ildən sonra yeni mərhələ başladı. Üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Azadlıqdan sonra şəhərdə aparılan quruculuq keçmişin ağır nəticələrinin aradan qaldırılmasına yönəlib. İnsanların doğma torpaqlara qayıtması bu prosesin ən mühüm nəticələrindən biridir. Yeni evlər və sosial obyektlər Laçında həyatın yenidən qurulmasına xidmət edir.
26 Avqust Laçının keçmişini xatırlamaqla yanaşı, gələcəyə baxmaq üçün də bir fürsətdir. Bu tarix şəhərin yaddaşını, azadlığını və yeni inkişaf mərhələsini bir araya gətirir. Laçının hekayəsi beləliklə faciədən dirçəlişə uzanan yol kimi davam edir.
Nəzrin Həsənova,
YAP Nizami rayon təşkilatının fəalı



