
Azərbaycanın müasir tarixində elə günlər var ki, onlar təkcə təqvimdə bir tarix deyil, bir millətin taleyində dönüş nöqtəsi, gələcəyə aparan yolun başlanğıcıdır. 15 iyun Milli Qurtuluş Günü də məhz belə günlərdən biridir. Bu tarix təkcə təqvimdə bir gün deyil, bir millətin uçurumun kənarından geri dönüşü, gələcəyini yenidən qazanması deməkdir. Milli Qurtuluş Günü Azərbaycan tarixində xalqın öz iradəsi ilə tarixin axarını dəyişdirdiyi gündür.
Qeyd edək ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, bu müstəqillik ilk illərdə çox çətin sınaqlarla üz-üzə qaldı. Dövlət institutları zəif idi, iqtisadi böhran dərinləşirdi, siyasi mübarizə və daxili qarşıdurmalar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdi. Dağlıq Qarabağda baş verən hərbi münaqişə isə ölkənin suverenliyi üçün ciddi təhdid yaradırdı. Xaos və anarxiya müstəqilliyimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ilin iyununda isə vəziyyət pik həddə çatdı və Gəncədə qiyam baş verdi, ölkədə vətəndaş müharibəsi təhlükəsi reallığa çevrildi.
Məhz, bu ağır şəraitdə Azərbaycan xalqı yeganə ümid kimi ümummilli lider Heydər Əliyevə üz tutdu. Xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyev, 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarixi dönüş nöqtəsi oldu ölkə bir uçurumdan geri döndü, dövlətçiliyimizin təməli yenidən möhkəmləndi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik yaradıldı, dövlət idarəçiliyi mərkəzləşdirildi, hüquqi islahatlara start verildi, ordu quruculuğu möhkəmləndirildi və beynəlxalq əlaqələr sistemli şəkildə qurulmağa başladı. Hər şeydən önəmlisi – xalqın dövlətə inamı bərpa olundu. Bu illər ərzində təkcə siyasi deyil, milli-mənəvi birliyin də təməli qoyuldu.
Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycan xalqına xidmət etməkdən ibarət olub.”Bu xidmətin nəticəsində Azərbaycan yalnız dağılmaqdan xilas olmadı, eyni zamanda regional güc mərkəzinə çevrilmək yoluna çıxdı.
Bugünkü müstəqil Azərbaycan, iqtisadi inkişafı, beynəlxalq nüfuzu, güclü ordusu, bərpa olunan torpaqları ilə məhz o dövrdə atılan düzgün addımların bəhrəsidir. Bu gün Qarabağ azaddır, bu gün Zəfər bizimdir, çünki Milli Qurtuluşun qoyduğu təməl möhkəm idi. Milli Qurtuluş Günü bu, sadəcə keçmişi xatırlamaq deyil, həm də gələcəyə inamla baxmaqdır. Bu gün, bizlər üçün tarixdən dərs almaq, dövlətimizi, müstəqilliyimizi daha da qorumaq üçün bir çağırışdır. Gənc nəsil bilməlidir ki, azadlıq və sabitlik öz-özünə yaranmır bu, fədakarlıq, liderlik və birlik nəticəsində əldə olunur.
Azərbaycan xalqı 15 iyun gününü unutmamalı, bu günün ruhunu yaşatmalıdır. Çünki bu gün xalqın bir nəfər kimi səfərbər olub öz taleyinə sahib çıxdığı gündür. Bu gün milli ruhun, milli həmrəyliyin və müstəqilliyin təntənəsidir.
Qoy 15 iyun hər zaman azadlığımızın simvolu, xalqın gücünə və iradəsinə olan inamın bayramı kimi yaşasın. Qoy bu günün ruhu gələcək nəsillərə örnək olsun.
Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı