Nizami rayonunda narkomaniyaya qarşı mübarizə çərçivəsində tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 İyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” münasibətilə dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Könül Həsənova, Nizami Rayon Prokurorunun köməkçisi Şəlalə Rüstəmova, Nizami Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi Elvin Əliyev, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Kimya-Biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı Həmidə Ələfsərova, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və başqaları çıxış ediblər. Çıxışlarda insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar verilib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib və hər kəsi bəşəriyyətin bu təhlükəli bəlasına qarşı birgə mübarizəyə səsləyiblər.
Tədbir sonunda gənclərin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.


