AnalitikaGündəmSiyasət
Trend

Prezident Azərbaycanın son otuz ildə formalaşdırdığı enerji modelinin siyasi, iqtisadi və geosiyasi nəticələrinin təqdimatını etdi

“Bakı Enerji Həftəsində Prezident İlham Əliyevin çıxışı təkcə enerji sektoruna dair hesabat xarakteri daşımırdı. Çıxışın əsas məzmunu həm də Azərbaycanın son otuz ildə formalaşdırdığı enerji modelinin siyasi, iqtisadi və geosiyasi nəticələrinin təqdimatı idi. Prezident İlham Əliyevin çıxışının ümumi təhlili göstərir ki, burada əsas vurğu enerji ehtiyatlarının mövcudluğundan daha çox onların dövlət quruculuğu, iqtisadi transformasiya və beynəlxalq təsir alətinə çevrilməsi üzərində qurulub”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, çıxışın əsas tezislərindən biri Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı mürəkkəb vəziyyətlə enerji siyasəti arasında birbaşa əlaqənin qurulmasıdır: “1990-cı illərin əvvəllərində iqtisadi tənəzzül, yüksək yoxsulluq səviyyəsi, enerji asılılığı və hərbi-siyasi problemlər fonunda neft-qaz ehtiyatları ölkənin inkişaf strategiyasının mərkəzinə çevrilib. Burada diqqət çəkən məqam enerji sektorunun sadəcə gəlir mənbəyi kimi deyil, dövlət institutlarının möhkəmləndirilməsi üçün maliyyə bazası kimi təqdim edilməsidir. Çıxışda sosial infrastrukturun, təhsilin, səhiyyənin və müdafiə potensialının inkişafı enerji gəlirlərinin nəticəsi kimi göstərilir. Bu yanaşma Azərbaycanın enerji siyasətini klassik xammal ixracı modelindən fərqləndirməyə xidmət edir”.

Ramil Vəlibəyov vurğulayıb ki, beynəlxalq iqtisadi ədəbiyyatda təbii sərvətlərə malik ölkələrin qarşılaşdığı əsas problemlərdən biri “resurs lənəti” fenomenidir: “Belə ölkələrdə iqtisadiyyatın şaxələnməməsi, institusional zəiflik və xarici asılılıq halları geniş yayılıb. Lakin Azərbaycan çoxdan özünü bu modelin əksi kimi təqdim edib. Xarici borcun aşağı səviyyədə saxlanılması, maliyyə ehtiyatlarının formalaşdırılması və investorlarla uzunmüddətli əməkdaşlıq mexanizmlərinin qurulması ölkənin enerji gəlirlərini istehlak deyil, kapitala çevirib. Bu baxımdan Azərbaycan modeli üç prinsip üzərində qurulub. Birincisi, xarici investisiyanın cəlb edilməsi, ikincisi, gəlirlərin strateji istiqamətlərə yönəldilməsi və üçüncüsü, maliyyə və siyasi müstəqilliyin qorunması. Beləliklə də, Azərbaycanın enerji siyasəti iqtisadi siyasətin yalnız bir hissəsi deyil, dövlət strategiyasının əsas sütunlarından biri kimi qiymətləndirilir”.

“Bu gün müzakirə olunan xüsusi mövzulardan biri də Azərbaycanın regional enerji təhlükəsizliyindəki roludur” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP layihələri yalnız infrastruktur layihələri kimi deyil, həm də yeni regional əməkdaşlıq sisteminin əsas elementləridir: “Ən diqqətçəkən məqamlardan biri Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının artmasıdır. Bu fakt enerji ixracının iqtisadi gəlirlərlə yanaşı siyasi təsir imkanları yaratdığını göstərir. Enerji təchizatçısı statusu ölkəyə Avropa və qonşu regionlarla daha sıx əlaqələr qurmaq imkanı verir. Bu kontekstdə Azərbaycanın rolu artıq yalnız hasilatçı ölkə ilə məhdudlaşmır. O, həm də tranzit ölkə, enerji habı, regional logistika mərkəzi, enerji təhlükəsizliyinin təminatçılarından biri kimi çıxış edir. Şübhəsiz ki, Azərbaycanın dənizə birbaşa çıxışı olmayan ölkə olmasına baxmayaraq, enerji resurslarını qlobal bazarlara çıxara bilməsi uzunmüddətli diplomatik əməkdaşlığın nəticəsidir. Bu yanaşma göstərir ki, enerji layihələrinin uğuru yalnız maliyyə və texniki imkanlardan asılı deyil. Onların həyata keçirilməsi üçün siyasi etimad, regional sabitlik və çoxtərəfli tərəfdaşlıq mexanizmləri də vacibdir. Yəni, Azərbaycanın enerji uğurları yalnız neft və qaz ehtiyatlarının mövcudluğu ilə deyil, həmin ehtiyatları beynəlxalq əməkdaşlıq alətinə çevirmək bacarığı ilə bağlıdır”.

Ramil Vəlibəyov qeyd edib ki, Azərbaycan yaşıl enerjini ənənəvi enerji sektoruna alternativ kimi deyil, onu tamamlayan istiqamət kimi baxır: “Azərbaycanın strategiyası iki paralel xətt üzərində qurulur. Birincisi, mövcud neft-qaz potensialının qorunması və genişləndirilməsi, ikincisi, günəş, külək və hidroenerji layihələrinin sürətlə artırılması. Bu model enerji keçidinə radikal yanaşmadan fərqlənir. Burada əsas məqsəd karbohidrogen sektorundan imtina etmək deyil, əldə olunan gəlirləri yeni enerji iqtisadiyyatının qurulmasına yönəltməkdir. Xüsusilə Qara dəniz enerji kabeli və Mərkəzi Asiya ilə yaşıl enerji bağlantıları Azərbaycanın gələcəkdə yalnız qaz ixracatçısı deyil, həm də elektrik enerjisi ixracatçısı olmaq niyyətini ortaya qoyur”.

Oxşar Xəbərlər

Back to top button