AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev Cənubi Qafqaza böyük sülh gətirir

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində şahidi olduğumuz mərasim real siyasətin və diplomatik iradənin təntənəsidir. Cari ilin 4 fevral tarixi qlobal diplomatiya salnaməsinə qızıl hərflərlə yazılır. Çünki məhz bu tarixdə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilməsi və həmin ali mükafatın məhz Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən şəxsən verilməsi hadisənin siyasi çəkisini qat-qat artırır. İki dövlət liderinin səmimi görüşü, əl sıxması və ali mükafatın təqdimatı zamanı nümayiş etdirilən qarşılıqlı ehtiram regionda formalaşan yeni strateji reallıqların vizual sübutudur. Azərbaycan Prezidenti İlham Əliyevin bu ali mükafata layiq görülməsi təsadüfi hadisə deyil, əksinə, illərdir aparılan səbirli, strateji və qətiyyətli siyasətin məntiqi yekunudur.

Dünyanın müxtəlif qaynar nöqtələrində davam edən qanlı toqquşmalar fonunda Azərbaycan ilə Ermənistan arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması sivilizasiyalararası dialoqun mümkünlüyünü nümayiş etdirən yeganə parlaq nümunədir. 2026-cı ilin fevralında Əbu-Dabidə keçirilən təntənəli mərasimdə Azərbaycan liderinə təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz həmin paradiqmanın qələbəsidir. Münsiflər heyətinin qərarı göstərir ki, dünya ictimaiyyəti artıq real nəticələrə qiymət verir.

Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində region xarici müdaxilələrdən təmizlənərək birbaşa dialoq müstəvisinə keçdi. Müstəqil beynəlxalq münsiflər heyətinin tərkibi və onların seçimi də xüsusi təqdirə layiqdir. Onlar siyasi konyunkturadan kənar, obyektiv reallığa əsaslanaraq qərar veriblər. Seçim prosesində heç şübhə yoxdur ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı təhlükəsizlik arxitekturası əsas rol oynayıb. Sülh müqaviləsinin paraflanması uzun və çətin danışıqlar marafonunun finiş xəttidir. Həmin marafonda

Azərbaycanın nümayiş etdirdiyi prinsipiallıq, milli maraqlara sadiqlik və diplomatik çeviklik ekspertlər tərəfindən yüksək qiymətləndirilir. İlham Əliyev bütün dünyaya sübut etdi ki, güc və diplomatiya vəhdət təşkil etdikdə nəticə qaçılmazdır. Mükafatın təqdimatı məhz bu reallığın beynəlxalq etirafıdır. Sülh müqaviləsi paraflanıb, mükafat verilib, indi isə quruculuq və inkişaf zamanıdır. Azərbaycan buna hazırdır və bütün dünyaya öz gücünü, humanistliyini bir daha nümayiş etdirir.

Əldə olunan uğur hamımızındır, bütün regionundur, bütün tərəqqipərvər bəşəriyyətindir. İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na təkcə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına görə deyil, eləcə də bölgədə və dünyada sülhə, insan qardaşlığına və qlobal sabitliyə verdiyi misilsiz töhfələrə görə layiq görülüb. Bu mükafat dövlətimizin başçısına beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymət və ehtiramın bariz nümunəsi sayılmalıdır.

Şübhəsiz ki, Prezident İlham Əliyevə ən böyük və əvəzolunmaz mükafat Azərbaycan xalqı özü verib. Bu, etimad və sevgi mükafatıdır. O, Xilaskar, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan kimi iki əsrdən bəri xalqımızın qarşısında duran ən çətin və ağrılı məsələnin həllinə nail oldu. İndi tam qətiyyətlə deyə bilərik ki, İlham Əliyev dövlətimizi uğurla gələcəyə doğru aparan, ən yüksək zirvələri fəth etməyə qadir Liderdir.

Ramin Əliyev,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button