
21 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinə səfər edib. Səfər çərçivəsində dövlət başçısı və birinci xanım Mehriban Əliyeva bir sıra sosial və infrastruktur layihələrinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev Kəlbəcərdə yeni yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib, şəhər parkının inşasına start verib, həmçinin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarını istifadəyə verib.
Daha sonra dövlət başçısı yeni tikilən binalardan mənzillə təmin olunan Kəlbəcər sakinləri ilə görüşərək onlara evlərinin açarlarını təqdim edib. Sakinlərlə görüşdə Prezident İlham Əliyev onların doğma yurdlarına qayıdışını tarixi hadisə adlandırıb: “Əziz Kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! Bu gün sizin həyatınızda tarixi bir gündür. 32 ildən sonra doğma torpağınıza qayıdırsınız. Artıq Kəlbəcər yeni simada inkişaf edir və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.”
Dövlət başçısı bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcərdə dörd yaşayış kompleksi tikiləcək və ümumilikdə 10 mindən çox sakin mənzillə təmin olunacaq. Həmçinin şəhərdə müasir məktəb, uşaq bağçaları və sosial infrastrukturun yaradılması nəzərdə tutulur.
Prezident çıxışında 1993-cü ildə Kəlbəcərin işğalını da xatırladaraq həmin dövrün hakimiyyətini məsuliyyətsizlikdə ittiham edib. O qeyd edib ki, Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı Qələbə nəticəsində Kəlbəcər işğaldan azad olunub və bu gün sakinlərin yurdlarına qayıtması tarixi ədalətin bərpasıdır.
Səfər zamanı Prezident İlham Əliyev Kəlbəcərdə yol-tunel layihələrinin gedişi ilə də tanış olub. O bildirib ki, uzunluğu 12 kilometrdən çox olan yeni tunel həm təhlükəsizliyi, həm də rahatlığı təmin edəcək: “Kəlbəcərin gözəlliyi ilə yanaşı, buraya gəlmək də asan olmalıdır. Artıq müasir yol şəbəkəsi qurulur, gələcəkdə Kəlbəcərdə hava limanı və kabel yolları inşa ediləcək. Bu layihələr bölgənin turizm və iqtisadi potensialını daha da artıracaq.”
Prezident İlham Əliyevin Kəlbəcərə səfəri və çıxışı həm Böyük Qayıdış proqramının yeni mərhələsinin başlanğıcı, həm də Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin bariz nümunəsi oldu. Kəlbəcər sakinlərinin doğma yurdlarına qayıdışı isə xalqımızın uzun illər arzuladığı tarixi Zəfərin real bəhrəsi kimi qiymətləndirilir.
Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi