
“Prezident İlham Əliyevin ABŞ-a dövlət səfəri təkcə ikitərəfli münasibətlər tarixində deyil, həm də Cənubi Qafqazın geosiyasi mənzərəsində mühüm dönüş nöqtəsi kimi yadda qalacaq. Ağ Evdə keçirilən rəsmi qəbul, yüksək protokol jestləri və Donald Tramp ilə baş tutan səmimi, lakin strateji məzmunlu görüş bu səfərin əhəmiyyətini bir neçə qat artırdı.
Səfərin rəmzi zirvəsi isə Prezident İlham Əliyevə təqdim olunan Ağ Evin açarı oldu. Bu addım Vaşinqtonun Bakıya verdiyi yüksək dəyərin və Prezidentimiz İlham Əliyevin qlobal siyasətdə artan nüfuzunun rəmzi kimi tarixə düşdü. Nəzərə almalıyıq ki, ABŞ-ın siyasi mədəniyyətində belə jestlər nadir hallarda baş verir və yalnız strateji tərəfdaşlara münasibətdə tətbiq olunur”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Donald Tramp ilə görüş zamanı müzakirələr yalnız iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi ilə məhdudlaşmadı. Ermənistanla sülh müqaviləsinin paraflanması məsələsi əsas gündəm mövzularından biri oldu. Prezident İlham Əliyev Vaşinqtondan dünyaya açıq mesaj verdi: Azərbaycan sülh istəyir, amma bu sülh yalnız ədalət və beynəlxalq hüquqa uyğun şəkildə mümkün olacaq.
Səfər çərçivəsində təqdim olunan hədiyyələr, təşkil olunan proqramlar və protokol jestləri Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, güclü dövlət və regionun aparıcı gücü olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin hər bir çıxışı həm diplomatik incəliyi, həm də siyasi qətiyyəti ilə seçildi.
Onun sözlərinə görə, bu səfər Azərbaycanın yeni dövrdə geosiyasi oyun qurucu statusunun təsdiqi idi. Ermənistanla sülh müqaviləsi prosesinə gedən yolda ABŞ səfəri həm psixoloji üstünlük, həm də beynəlxalq legitimlik baxımından mühüm əhəmiyyət daşıyır.