
Azərbaycan Respublikası regional və qlobal miqyasda mənəvi birliyin təminatçısı qismində fəal və təşəbbüskar siyasətini davam etdirir. Sentyabrın 15-də Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən ali qəbul bu strateji xəttin daha bir parlaq təzahürü oldu. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət geniş tərkibli nümayəndə heyətini qəbul edərək, Bakının mənəvi dialoq mərkəzi olduğunu bir daha təsdiqlədi. Qardaş türk dövlətlərinin, o cümlədən Şimali Qafqaz respublikalarının ali dini idarə rəhbərlərinin iştirak etdiyi bu görüşdə, Prezident İlham Əliyev müsəlman ümmətinin birgə fəaliyyətinin bütün dünyaya sülh, barışıq və qardaşlıq mesajı verdiyini diqqətə çatdırdı.
Görüşdə Azərbaycanın dərin tarixi köklərinə və mədəni intibahına toxunan Prezident İlham Əliyev, xalqımızın dünya mədəniyyəti xəzinəsinə verdiyi əvəzsiz töhfələrdən geniş bəhs etdi. Dövlət başçısı Bakıda eyni vaxtda dini rəhbərlərin toplantısı ilə bərabər mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinin xüsusi məna daşıdığını qeyd etdi. O, Nizami Gəncəvi, Xaqani Şirvani və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərimizin əsərlərinin bu gün də İslam dünyası üçün ortaq mənəvi dəyər olduğunu bildirdi. Eyni zamanda, qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ və Atabəylər dövlətinin mərkəzi Naxçıvan şəhərlərinin tarixindən bəhs edən Prezident İlham Əliyev, TDT-dəki yeganə Qafqaz ölkəsi olan Azərbaycanın Türk və Qafqaz coğrafiyalarını qırılmaz tellərlə bir-birinə bağladığını vurğuladı.
İslam aləminin qarşılaşdığı mövcud çağırışlara münasibət bildirən Prezident İlham Əliyev, din xadimlərinin sülh yaradıcılığındakı rolunu xüsusi dəyərləndirdi. O, dini liderlərin cəmiyyətlərə ünvanladığı birgə sülh çağırışlarının hər cür ixtilafın qarşısını almaqda ən güclü vasitə olduğunu bildirdi. Azərbaycanın həmişə əməli addımlarla İslam həmrəyliyinə xidmət etdiyini xatırladan Prezident, 2017-ci ildə ölkəmizdə keçirilmiş IV İslam Həmrəylik Oyunlarının bir idman yarışından çox, əsl birlik bayramı kimi yadda qaldığını vurğuladı. O, gələn il Bakıda keçiriləcək İƏT Zirvə Görüşünün müsəlman ölkələri arasındakı toqquşmalara son qoyacağına və İslamı hədəf alan xarici müdaxilələrə qarşı müsəlmanları vahid ailə kimi birləşdirəcəyinə dair sarsılmaz inamını ifadə etdi.
Tarixi ədalətin bərpası və Qarabağın dirçəlişi mövzusu Prezident İlham Əliyevin nitqinin ən təsirli hissəsini təşkil etdi. Qonaqların işğaldan azad edilmiş ərazilərə planlaşdırılan səfəri ərəfəsində dövlət başçısı, Ermənistanın 30 illik işğalı zamanı xalqımızın mədəni sərvətlərini talan etməsini, 65 məscidi dağıtmasını və İslam dəyərlərini məqsədyönlü şəkildə təhqir etməsini xatırlatdı. Lakin Prezident İlham Əliyev qürurla bildirdi ki, güc amilinin həlledici rol oynadığı müasir dünyada Azərbaycan xalqı rəşadətli Ordusunun qəhrəmanlığı sayəsində tarixi haqqını bərpa etmişdir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda 90 mindən çox insanın yenidən məskunlaşması isə Müzəffər Azərbaycan dövlətinin qurucu qüdrətini və İlham Əliyev siyasətinin mütləq Zəfərini nümayiş etdirir.
Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini



