
Sənaye parklarının əsas üstünlüklərindən biri müxtəlif istehsal sahələrinin vahid infrastruktur və logistika sistemi ətrafında birləşdirilməsidir. Azərbaycanın qərb bölgəsində yaradılan Qərb Sənaye Parkının dağ-mədən sənayesinə yönəldilməsi bu modelin yeni sahədə tətbiqi baxımından əhəmiyyətlidir.
Parkın yerləşdiyi ərazidə mədən sənayesinin inkişafı üçün xammal bazasının mövcudluğu istehsal zəncirinin formalaşdırılması baxımından mühüm amildir. Daşkəsən filiz yatağı və digər layihələr parkın fəaliyyət istiqamətlərini müəyyənləşdirən əsas resurslardan biri kimi çıxış edə bilər. Burada yalnız hasilat deyil, filizin emalı və sonrakı sənaye mərhələlərinin inkişaf etdirilməsi nəzərdə tutulur.
Sənaye parkında müxtəlif müəssisələrin qarşılıqlı əlaqədə fəaliyyəti əlavə üstünlüklər yarada bilər. Bir müəssisənin istehsal etdiyi məhsul digər müəssisə üçün xammal və ya yarımfabrikat rolunu oynaya bilər. Bu yanaşma tullantıların azaldılması, nəqliyyat məsafələrinin optimallaşdırılması və istehsal xərclərinin aşağı salınması baxımından da əhəmiyyət daşıyır.
Qərb Sənaye Parkının tam formalaşması üçün infrastruktur və istehsal layihələrinin paralel şəkildə inkişaf etdirilməsi vacibdir. Dövlət tərəfindən yaradılan imkanların investorların layihələri ilə tamamlanması nəticəsində parkın iqtisadi potensialı daha geniş şəkildə reallaşa bilər. Bu proses regionun sənaye xəritəsində yeni istehsal mərkəzinin formalaşmasına şərait yarada bilər.
Vüsal Musayev,
YAP Nizami rayon təşkilatının fəal üzvü



