
“9 aprel 2025-ci il tarixində ADA Universitetində keçirilən “Yeni Dünya Nizamına Doğru” beynəlxalq forumu bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev təkcə regional lider deyil, həm də qlobal səviyyədə söz sahibi olan siyasi xadimdir. Bu mühüm tədbirdə Prezidentimizin səsləndirdiyi fikirlər qlobal güc balansındakı dəyişikliklərə, beynəlxalq hüququn pozulmasına və dünya nizamında ədalət axtarışlarına dair dərin analizlərlə zəngin idi. Azərbaycanın milli maraqlarını qlobal tribuna səviyyəsində qətiyyətlə ifadə edən dövlət başçımızın çıxışı həm ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi, həm də ədalətli dünya quruluşuna çağırış idi”.
Bunu “Specialnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin çıxışında əsas vurğulardan biri beynəlxalq hüququn selektiv tətbiqinə qarşı yönəlmiş tənqidi yanaşma oldu. Dövlət başçımız vurğuladı ki, bəzi dövlətlərin gücə əsaslanan siyasəti, beynəlxalq qurumların isə bu hallara qarşı susqunluğu dünya miqyasında ədalətsizliyin dərinləşməsinə səbəb olur. Müstəqil və balanslı siyasət aparan Azərbaycan isə özünün qətiyyətli və prinsipial mövqeyi ilə yeni dünya düzənində ədalətin bərpasına çağırış edən aparıcı aktorlardan birinə çevrilməkdədir. Prezident İlham Əliyev çıxışında həmçinin beynəlxalq təşkilatların ikili standartlarını ifşa edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasız qalmasını konkret misal kimi göstərdi. Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərinin azad edilməsi isə beynəlxalq hüququn yalnız güc və siyasi iradə ilə təmin oluna biləcəyini nümayiş etdirdi. Bu baxımdan Prezident İlham Əliyevin forumdakı mesajları dünya ictimaiyyətinə ünvanlanmış prinsipial bir çağırış idi – ədalət yalnız seçilmişlər üçün yox, bütün xalqlar üçün olmalıdır.
“Prezident İlham Əliyevin “Yeni dünya düzəninə doğru” beynəlxalq forumdakı çıxışında ən diqqətçəkən ideyalardan biri Azərbaycanın formalaşdırdığı xüsusi inkişaf modeli idi. Bu model əsasən üç sütun üzərində qurulub: suverenlik, tərəfsizlik və təşəbbüskarlıq. Azərbaycan, hər şeydən əvvəl,ə dövlət suverenliyini milli kimlik və təhlükəsizlik anlayışı ilə birləşdirərək, heç bir xarici təzyiqə və ya bloklara qoşulmadan öz siyasi yolunu müəyyənləşdirib. Bu, ölkəyə daxili sabitlik və davamlı inkişaf təmin edib. Prezident İlham Əliyev çıxışında da bildirdi ki, Azərbaycanın bütün qərarları milli maraqlara əsaslanır və bu, ölkənin müstəqil diplomatik xəttinin əsasını təşkil edir. Tərəfsizlik isə Azərbaycanın beynəlxalq münasibətlərdə balanslı mövqeyini şərtləndirir. BMT-dən tutmuş BRICS+ dialoquna qədər müxtəlif platformalarda iştirak edən Azərbaycan heç bir güc mərkəzinin peyki olmadan, ədalət və beynəlxalq hüquqa əsaslanan siyasət yürüdür. Bu isə ölkəni qlobal dialoqun etibarlı tərəfdaşına çevirir. Təşəbbüskarlıq isə Azərbaycanın diplomatik fəallığının ruhunu təşkil edir. Enerji, nəqliyyat, iqlim dəyişikliyi, humanitar əməkdaşlıq kimi sahələrdə regional və qlobal təşəbbüslərlə çıxış edən ölkəmiz müasir dünyanın problemlərinə özünəməxsus həll yolları təklif edir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycan modeli – güclü dövlətçilik, müstəqil siyasət, regional sabitliyə töhfə və qlobal əməkdaşlıq ruhu üzərində qurulmuş bir model kimi yeni dünya düzənində alternativ bir yanaşma təqdim edir.
Onun sözlərinə görə, Azərbaycanın qlobal münasibətlərdəki rolu dövlətin möhkəm siyasi iradəsi və diplomatik təşəbbüskarlığı ilə güclənəcəkdir. Bu yanaşma yeni dünya düzənində Azərbaycanın mövqeyinin yalnız qorunması deyil, həm də inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.