
“Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olan Laçının işğalı artıq arxada qalıb. Bu gün Laçın təkcə bir şəhərin azad olunması yox, həm də Azərbaycanın dövlət iradəsinin, hərbi qüdrətinin və diplomatik çevikliyinin bariz nümunəsi kimi qiymətləndirilməlidir. 1992-ci ildə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Laçın strateji mövqeyinə görə ağır itkiyə çevrildi. Qarabağı Ermənistana birləşdirən dəhlizin üzərində yerləşən Laçın Azərbaycanın milli təhlükəsizliyinə ən böyük zərbə idi. İşğal illərində bölgə təbii sərvətlərinin talanı, ekoloji terror və tarixi-mədəni irsin məhv edilməsi ilə üzləşdi”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbə Laçının da azad edilməsini təmin etdi. 1 dekabr 2020-ci ildə Laçının işğaldan qurtarılması Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Laçının bərpası dövlət siyasətinin prioritetinə çevrildi. “Laçının azad olunmasına görə” medalı həm ordumuzun qəhrəmanlığını, həm də bu torpağın dövlət üçün simvolik əhəmiyyətini göstərir. Laçında aparılan genişmiqyaslı bərpa işləri – yeni yollar, hava limanı, su və enerji layihələri – Azərbaycanın güclü iqtisadi imkanlarını nümayiş etdirir. Prezident İlham Əliyevin Laçına səfərləri həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə açıq siyasi mesajdır: Azərbaycan öz torpaqlarında suverenliyini tam bərpa edib və bu prosesi heç kimə güzəştə getməyəcək.
“Laçın yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi balansında əsas mövqeyə sahibdir. Burada qurulan infrastruktur layihələri bölgənin nəqliyyat xəritəsini dəyişdirir, Azərbaycanı regionun əsas logistik və enerji mərkəzinə çevirir. Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan olunması isə siyasi müstəvidə də əhəmiyyətli bir addımdır – bu, Azərbaycanın bölgəni mədəniyyət, turizm və beynəlxalq əməkdaşlıq mərkəzinə çevirmə siyasətinin tərkib hissəsidir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, bu gün Laçın sakinləri doğma yurdlarına qayıdır. Dövlətin güclü iradəsi, iqtisadi potensialı və təhlükəsizlik siyasəti sayəsində Laçın qısa zamanda müasir şəhərə çevrilir. Bu, eyni zamanda Ermənistanın işğal siyasətinə verilən ən tutarlı cavabdır: Azərbaycan torpaqlarını yalnız hərbi yolla azad etmədi, həm də sürətli bərpa və inkişafla bölgəni dirçəltməyə başladı.
Onun sözlərinə görə, Laçın bu gün Azərbaycanın geosiyasi zəfərinin rəmzidir. Dövlətin strateji məqsədi yalnız azadlıq deyil, həm də bu torpaqlarda dayanıqlı inkişaf və güclü gələcək qurmaqdır. Bu, həm milli həmrəyliyin təcəssümü, həm də regional siyasətdə Azərbaycanın artan nüfuzunun göstəricisidir.