
Azərbaycan həmişə Ermənistan–Azərbaycan münaqişəsinin hədəfi olub. Qərb ölkələri üçün Azərbaycan daha çox türk-müsəlman kimliyi ilə tanınıb. Tarixin müxtəlif mərhələlərində müsəlman-xristian qarşıdurması fərqli formalara düşsə də, mahiyyət dəyişməyib və görünür, uzun müddət də dəyişməyəcək. ABŞ-ın dünyanın ən güclü xristian dövləti olması, ermənilərə bu ölkənin siyasətinə təsir göstərməkdə ciddi üstünlük qazandırıb.
SSRİ dağıldıqdan sonra ədalətsizliyə məruz qalan Azərbaycan, öz təhlükəsizliyini təmin etmək üçün ABŞ-a ümidlə baxırdı. Çünki həmin dövrdə dünya arenasında tək super güc ABŞ idi. Rusiyanın müstəqilliyə qarşı siyasətini balanslaşdırmaq üçün Vaşinqtonla əlaqələr həyati əhəmiyyət kəsb edirdi. Lakin bu dövrdə ABŞ, 907-ci düzəliş vasitəsilə, məhz işğalçı Ermənistanı deyil, işğala məruz qalan Azərbaycanı sanksiyalarla cəzalandırdı.
1994-cü ildə Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalayaraq Azərbaycan diplomatiyasına yeni istiqamət verdi. Bu addım ABŞ siyasətində dönüş yaratmaq üçün uzun və səbrli bir yolun başlanğıcı oldu. Müstəqilliyin dönməzliyini təmin etmək üçün ABŞ-la əməkdaşlıq o dövrdə həyati prioritet idi.
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası 2000-ci illərin əvvəlində ABŞ siyasətində azı neytral mövqeyə nail oldu. Demokrat administrasiyalarının bəzi dövrlərdəki birtərəfli siyasətini kənara qoysaq, iki ölkə arasındakı münasibətlər ümumən qarşılıqlı maraq və praqmatizm üzərində quruldu.
2020-ci ilin Vətən müharibəsi zamanı Tramp administrasiyasının neytrallığı, erməni lobbisinin güclü təzyiqlərinə baxmayaraq, böyük diplomatik uğur idi. Zəfərdən sonra Azərbaycana qarşı sanksiya tətbiq edilməməsi, Prezident İlham Əliyevin peşəkar və strateji siyasətinin nəticəsi oldu.
8 avqust 2025-ci ildə Vaşinqtonda baş tutan görüş yalnız Ermənistan məsələsi ilə məhdudlaşmadı. Ermənistan, artıq Prezident İlham Əliyevin irəli sürdüyü prinsipləri qəbul etmişdi. Qarabağda məğlub edilən qüvvələr içərisində Ermənistan ən zəif həlqə idi. Əsas məqsəd daha böyük rəqiblər üzərində diplomatik zəfərin sənədləşdirilməsi idi.
ABŞ prezidentinin açıq bəyanatları bütün dünyaya, xüsusən də Azərbaycanın düşmənlərinə, ölkənin bütövlüyü və müstəqilliyinin əbədiliyini təsdiq etdi.
Beləliklə, 1994-cü ildə Heydər Əliyev işğal altındakı Azərbaycanın müstəqilliyini qorumağı bacardısa, 2025-ci ildə İlham Əliyev azad və bütöv Azərbaycanın əbədi müstəqilliyinə nail oldu. Bu, diplomatiya tarixində türk-müsəlman dünyasının ən yüksək uğurlarından biri kimi yadda qalacaq.
Şəms Mütəllimova,
Yeni Azərbaycan Partiyasının fəalı