
Son günlər Ermənistanın Hrazdan şəhərində açılan “Firebird” şirkətinin süni intellekt məlumat mərkəzi ilə bağlı yaranan müzakirələr tamamilə yersizdir. Gəlin məsələni quru pafosdan çıxarıb, konkret rəqəmlər və rəsmi faktlarla masaya qoyaq, görək əslində kim hardadır. Hrazdandakı açılışda Baş nazir Nikol Paşinyan, ABŞ-ın müvəqqəti işlər vəkili Devid Allen və Qazaxıstanın Baş nazirinin müavini Jaslan Madiyev iştirak etdi. Bəli, kənardan baxanda çox rəsmi və sanballı mənzərə yaradırlar. Mərkəzin birinci mərhələsi 15 meqavat gücündədir və ora 6144 ədəd NVIDIA B200 çipi qoyulub. Hətta hədəfləri var ki, 2027-ci ilin sonunadək gücü 300 meqavata, çiplərin sayını isə 70000-ə çatdırsınlar. İlk müştəriləri kimi də “Perplexity” platformasını elan etdilər.
Rəqəmlər qulağa çox xoş gəlir, amma gəlin işin astarına, yəni reallığa baxaq.
Ortadakı faktlara baxanda məsələnin heç də Ermənistan dövlətinin hansısa böyük texnoloji sıçrayışı olmadığı, sadəcə diasporun və xaricdəki lobbinin şousu olduğu aydın görünür. Obyektin açılışını böyük dövlət uğuru kimi təqdim etsələr də, arxasında dayanan əsas qüvvə NVIDIA-nın erməni mənşəli vitse-prezidenti Rev Lebaredian və “Firebird”in təsisçiləri Razmiq Hovaqimyanla Aleksandr Yesayandır. Yəni ortada dövlət strategiyası yox, Silikon Vadisindəki bir-iki erməninin şəxsi əlaqələri, qapı-qapı düşüb ABŞ-dan NVIDIA çipləri üçün lisenziya qoparması dayanır.
Bununla belə, süni intellekt məlumat mərkəzini qurmaq işin yalnız kiçik bir tərəfidir. Əsas məsələ onu yaşatmaqdır. Hrazdandakı mərkəzin gələcəkdə 300 meqavatlıq enerji tələbatına çatacağı deyilir. Bəs Ermənistanın köhnəlmiş, onsuz da çətinliklə ayaqda duran enerji sistemi bu qədər nəhəng yükü necə çəkəcək? Sabaha xaricdəki o investorların dəstəyi kəsilsə, ya da qlobal konyuktura dəyişsə o mərkəz sadəcə quru, işıqsız bir binaya çevriləcək. Çünki daxili resurs və güclü dövlət planlaması ortada yoxdur, hər şey kənardan və fərdi əlaqələrdən asılıdır.
Bəs bizdə vəziyyət necədir və niyə əslində onlardan qat-qat irəlidəyik? Hələ 2025-ci ilin dekabrında Azərbaycanda “AzInTelecom” tərəfindən NVIDIA H200 çiplərinə əsaslanan ilk Superkompüter Mərkəzi istifadəyə verilib. Özü də bu birbaşa dövlətin rəqəmsal strategiyası və öz resursları hesabına baş tutub. Bakı və Yevlaxda beynəlxalq standartlara cavab verən (TIER III) data mərkəzlərimiz onsuz da fəaliyyətdədir. Hazırda Abşeron və Hacıqabulda daha nəhəng, yeni məlumat mərkəzləri tikilir. Süni intellektin ən çox ac olduğu şey elektrik enerjisidir. Bizim 2 giqavatlıq əlavə enerji ehtiyatımız var. Xüsusilə Qarabağ və Abşeron zonalarında sürətlə qurulan günəş və külək enerjisi layihələri hesabına biz onlarla belə Sİ mərkəzini rahatlıqla, ekoloji təmiz və ucuz şəkildə işlədə bilərik.
Üstəlik, məsələ təkcə çip almaqla bitmir. Azərbaycan “Rəqəmsal İpək Yolu” layihəsi ilə Avropa və Asiyanı birləşdirən fiber-optik magistralın əsas mərkəzinə çevrilir. Bu o deməkdir ki, qlobal məlumatlar ən qısa yolla, sürətlə bizim üzərimizdən keçir. Qlobal texnologiya nəhəngləri üçün bu cür kəsintisiz internet infrastrukturu və tükənməz enerji ehtiyatı min dəfə daha cəlbedicidir. Ona görə də kənardan kimin nə şou göstərməyinə, hansısa erməni biznesmenlərin öz ölkəsində PR etməsinə baxıb narahat olmağa heç bir əsas yoxdur. Bizim işimiz dövlətin gücündən, real resurslardan və çox möhkəm təməllərdən güc alır. Reallıq budur ki, bu rəqəmsal yarışda qazanan fərdlərin tanışlıqları yox, dövlətin sistemli və resurslu gücü olacaq.
Rəşadət Xalıqov,
YAP Nizami rayon təşkilatının sədr müavini




