AnalitikaGündəmSiyasət

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin və Zəfər iradəsinin mühüm mərhələsidir

“2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir Türk dünyası tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, qardaş xalqlar arasında sarsılmaz birliyin, dostluğun və strateji əməkdaşlığın rəmzinə çevrilmişdir. Bəyannamədə ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının əks olunması onun ideoloji-siyasi dayaqlarını gücləndirir. Prezident İlham Əliyevin sözləri ilə desək, bu Bəyannamə əcdadlara sədaqətin və gələcək nəsillərə strateji istiqamətin təqdimatıdır”.

Bunu “Specialnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Şuşa Bəyannaməsi regionda və dünyada Azərbaycan-Türkiyə münasibətlərini yeni mərhələyə çıxararaq sarsılmaz müttəfiqliyi rəsmiləşdirmişdir. Bu sənəd dövlətlər arasında siyasi, iqtisadi, hərbi, enerji, mədəniyyət, təhsil və digər strateji sahələr üzrə əməkdaşlığı bütünlüklə əhatə edir. Zəngəzur dəhlizi kimi mühüm nəqliyyat layihəsi sayəsində bu münasibətlər regional inteqrasiya və strateji logistik dayaqların güclənməsi baxımından yeni imkanlar açır. Bəyannamə regionda əlverişli investisiya mühitinin formalaşmasına təkan verərək, Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma proseslərinə Türkiyənin fəal qoşulmasını təmin edir. Qarşılıqlı investisiya və iqtisadi əlaqələr milli iqtisadiyyatların şaxələndirilməsinə, ixrac potensialının artmasına və yeni ticarət münasibətlərinin qurulmasına şərait yaradır.

Onun sözlərinə görə, sənəddə hərbi əməkdaşlıq və qarşılıqlı müdafiə məsələləri xüsusi yer tutur. Azərbaycan və Türkiyə orduları arasında birgə təlimlər, müdafiə sənayesində əməkdaşlıq və müasir texnologiyaların transferi sayəsində regionda hərbi təhlükəsizlik yeni səviyyəyə çatdırılır. Bu müddəalar, xüsusilə Ermənistan daxilində revanşist meyllərə qarşı mühüm cavabdır. Türkiyənin açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi beynəlxalq ictimaiyyətə güclü mesaj verir. Eyni zamanda, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin xarici siyasət sahəsində koordinasiyasını və strateji məsləhətləşmələrini gücləndirir. Tərəflər regional və qlobal təhlükəsizlik məsələlərində birgə səylər göstərərək, öz milli maraqlarını təmin edən müstəqil və suveren siyasət yürütməkdə qərarlıdırlar. Bu, Türk dünyasında liderlik mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Rəşadət Xalıqov əlavə edib ki, Şuşada imzalanan bu sənəd 100 il əvvəl imzalanmış Qars müqaviləsinə istinad etməklə rəmzi və tarixi dəyər daşıyır. Azad edilmiş Şuşa şəhərində bu sənədin imzalanması Azərbaycan-Türkiyə birliyinin və Zəfər iradəsinin növbəti mühüm mərhələsidir. Bəyannamənin imzalanmasından sonra hər il 15 iyun tarixində Şuşada keçirilən beynəlxalq konfranslar bu sənədin ideoloji və strateji əsaslarını dərinləşdirməkdədir. “Qurtuluşdan Zəfərə”, “Türk Dövlətləri Təşkilatı” və digər mövzular ətrafında müzakirələr bu sənədin regional sabitlik və sülhə verdiyi töhfəni bir daha nümayiş etdirir.

Oxşar Xəbərlər

Back to top button