
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Məhz 15 iyun – Milli Qurtuluş Günündə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır”.
Bunu “Specialnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, tarixi Qars müqaviləsinin hüquqi varisi kimi 100 il sonra imzalanan Şuşa bəyannaməsi Azərbaycan və Türkiyənin birgə müdafiə olunmasını, bir-birini qorumasını, dəstəkləməsini təmin edir: “İşğaldan azad olunmuş Şuşa şəhərində imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkələrimizin beynəlxalq nüfuzunu artırır. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bu mənada bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Şuşa Bəyannaməsi həmçinin sülhə və inteqrasiyaya yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Eyni zamanda, Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olur”.
Ramil Vəlibəyov əlavə edib ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının yeni tarixi mərhələsidir: “Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. İki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzinə çevrilib. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Eyni zamanda, Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır”.