Şuşa döyüşləri – mümkünsüz görünəni mümkün edən Azərbaycan əsgəri

Şuşanın coğrafi mövqeyi və mürəkkəb relyefi onun azad edilməsini hərbi baxımdan son dərəcə çətinləşdirirdi. Dağların zirvəsində yerləşən, sıldırım qayalarla əhatə olunan şəhərə daxil olmaq böyük fiziki dözümlülük, xüsusi hazırlıq və yüksək peşəkarlıq tələb edirdi. Azərbaycan Ordusu məhz belə bir şəraitdə dünya hərb tarixinə düşən əməliyyata imza atdı.
Şuşa uğrunda döyüşlərdə iştirak edən hərbçilərimiz ən çətin şəraitdə belə iradələrini itirmədilər. Onlar ağır texnikanın hərəkəti üçün əlverişli olmayan ərazilərdən piyada irəliləyərək düşmənin müdafiə mövqelərinə yaxınlaşdılar. Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri çevik taktika və yüksək hazırlıq nümayiş etdirərək şəhərin azad olunmasında mühüm rol oynadılar.
Bu əməliyyatın uğurunda Azərbaycan Ordusunun mənəvi-psixoloji hazırlığı xüsusi əhəmiyyət daşıyırdı. Hər bir əsgər qarşısında duran vəzifənin nə qədər müqəddəs olduğunu anlayırdı. Şuşaya doğru atılan hər addım illərlə doğma yurd həsrəti çəkən insanların arzularına yaxınlaşmaq demək idi. Vətən sevgisi hərbçilərimizə ən ağır maneələri aşmaq gücü verirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi strategiya Şuşa əməliyyatının uğurla nəticələnməsində mühüm rol oynadı. Prezidentin qətiyyətli mövqeyi və Ordumuza olan inamı bütün hərbi əməliyyatlar boyunca özünü göstərdi. Şuşanın azad olunması Azərbaycan dövlətinin siyasi və hərbi gücünün parlaq təzahürü oldu.
Bu gün Şuşa əməliyyatı Azərbaycan əsgərinin qəhrəmanlıq nümunəsi kimi öyrənilir və gələcək nəsillərə ötürülür. Şəhərin azadlığı uğrunda döyüşən igidlərimizin fədakarlığı heç vaxt unudulmayacaq. Şuşa Şəhəri Günü bizə bir daha xatırladır ki, xalqımızın qəhrəmanlıq tarixi onun əsgərinin iradəsi ilə yazılır.
Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini


