AnalitikaGündəmSiyasət

Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərinin Bakıda keçirilən görüşü türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığın və təhlükəsizlik sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sentyabrın 17-də Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etməsi çərçivəsində təşkilatın Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı da keçirilib.

Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi fikirlər Türk Dövlətləri Təşkilatının artıq müxtəlif istiqamətlər üzrə geniş əməkdaşlıq platformasına çevrildiyini göstərir. Dövlət başçımız qeyd edib ki, təşkilat çərçivəsində müzakirə olunan məsələlər beynəlxalq təhlükəsizliklə yanaşı, ticarət, nəqliyyat, humanitar əməkdaşlıq və digər mühüm sahələri əhatə edir. Bu yanaşma TDT-nin qarşılıqlı etimad, həmrəylik və birgə fəaliyyət prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdirir.

TDT ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxslərinin Bakıda bir araya gəlməsi üzv dövlətlər arasında təhlükəsizlik məsələləri üzrə fikir və təcrübə mübadiləsinin davam etdirilməsi baxımından əhəmiyyətli tədbir kimi diqqət çəkir. Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının Azərbaycanda keçirilməsi də bu sahədə əlaqələrin institusional əsasda inkişaf etdirilməsinə xidmət edən tədbirlərdən biridir.

Mənim fikrimcə, müasir dövrdə təhlükəsizlik məsələlərinin xarakteri dəyişdiyi üçün dövlətlər arasında koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid və kiber təhdidlər kimi çağırışlar bir çox hallarda ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. TDT Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi görüşlərinin əsas məqsədlərindən biri də məhz bu kimi risklər ətrafında fikir və təcrübə mübadiləsinin aparılmasıdır.

Görüşdə diqqət çəkən məqamlardan biri də zəif tərəflərin və mümkün təhlükə mənbələrinin əvvəlcədən müəyyənləşdirilməsinin vacibliyinin vurğulanmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təhlükəsizlik sahəsində qarşılıqlı məlumat və təcrübə mübadiləsi dövlətlərin potensial risklərə qarşı daha hazırlıqlı olmasına imkan yaradır. Bu baxımdan, TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi mühüm istiqamətlərdən biridir.

Azərbaycanın TDT daxilində fəal rolu da xüsusi qeyd olunmalıdır. Bakı şəhərinin belə mühüm toplantılara ev sahibliyi etməsi ölkəmizin türk dövlətləri arasında əməkdaşlığın inkişafına verdiyi töhfənin göstəricilərindən biridir. Azərbaycan həmçinin enerji, nəqliyyat və kommunikasiya imkanları ilə türk dövlətlərini birləşdirən layihələrdə mühüm rol oynayır. Prezident İlham Əliyevin çıxışında Qazaxıstanla əməkdaşlıq, Trans-Xəzər infrastrukturu və Orta Dəhlizin əhəmiyyəti də xüsusi vurğulanıb.

Türk dünyasının birliyinin yalnız tarixi və mədəni yaxınlıqla məhdudlaşmadığını, bu gün siyasi, iqtisadi və təhlükəsizlik sahələrində də özünü göstərdiyini görürük. Prezident İlham Əliyevin “Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır” fikri təşkilatın gündəliyinin genişliyini və qarşılıqlı əməkdaşlığın əhəmiyyətini ifadə edir.

Azərbaycanın türk dövlətləri ilə münasibətlərində iqtisadi əlaqələr də mühüm yer tutur. Ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılması, Mərkəzi Asiya ölkələri ilə nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi və Trans-Xəzər marşrutunun inkişafı türk dövlətləri arasında iqtisadi inteqrasiyanın güclənməsinə şərait yaradır. Bu istiqamətdə həyata keçirilən layihələr həm ölkələrimizin iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə, həm də regionlararası əlaqələrin inkişafına xidmət edir.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının əsas dayaqlarından biri xalqlarımızı birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərdir. Bu baxımdan Prezident İlham Əliyevin “Bütün türk cümhuriyyətləri bizim vətənimizdir” fikri türk dövlətləri arasında mövcud olan qardaşlıq münasibətlərinin mahiyyətini ifadə edir.

Hesab edirəm ki, qarşıdakı dövrdə TDT çərçivəsində təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və humanitar sahələr üzrə əməkdaşlığın daha da genişlənməsi üçün mühüm imkanlar mövcuddur. Bakıda keçirilən Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı da bu istiqamətdə fikir mübadiləsi və koordinasiya baxımından əhəmiyyətli platformadır. Toplantının nəticələrinin türk dövlətləri arasında təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin inkişafına töhfə verməsi nəzərdə tutulur.

Bu görüş bir daha göstərir ki, Türk Dövlətləri Təşkilatı qarşılıqlı etimad, həmrəylik və əməkdaşlıq prinsipləri əsasında inkişaf edən mühüm beynəlxalq platformadır. Azərbaycanın bu prosesdə fəal iştirakı və Prezident İlham Əliyevin türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri ölkəmizin Türk dünyasında əməkdaşlığın inkişafına verdiyi töhfəni nümayiş etdirir. Mən də bir gənc olaraq hesab edirəm ki, Türk dünyasının gələcək inkişafı üçün birlik, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinin qorunması və yeni nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Əfsanə Muradova,
YAP Nərimanov rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button