
Avrasiya məkanında nəqliyyat və iqtisadi əlaqələrin yenidən qurulduğu bir dövrdə Azərbaycanın regional proseslərdə iştirakı yeni məzmun qazanır. Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Məşvərət görüşündə iştirakı ölkəmizin Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqələrin inkişafına verdiyi əhəmiyyəti göstərir. Azərbaycanın platformaya tamhüquqlu üzv olması regional münasibətlərin daha geniş siyasi və iqtisadi müstəvidə inkişafına şərait yaradır.
Azərbaycanın geoiqtisadi mövqeyi Xəzər dənizinin qərb sahilində yerləşməsi və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrində iştirak etməsi ilə səciyyələnir. Bu mövqe ölkəyə tranzit imkanlarından faydalanmaqla yanaşı, tərəfdaş dövlətlərin beynəlxalq bazarlara çıxışını asanlaşdırmaq imkanı verir. Prezident İlham Əliyevin çıxışında limanlar, dəmir yolları, avtomobil yolları və hava nəqliyyatı infrastrukturuna diqqət yetirilməsi nəqliyyat siyasətinin kompleks xarakterini nümayiş etdirir.
Orta Dəhlizin inkişafı bu strategiyanın əsas istiqamətlərindəndir. Mərkəzi Asiya məhsullarının Xəzər vasitəsilə Azərbaycana, oradan isə beynəlxalq bazarlara daşınması regional iqtisadi əlaqələri genişləndirir. Lakin marşrutun rəqabət qabiliyyəti yalnız coğrafi mövqedən asılı deyil. Daşıma müddəti, tariflər, gömrük prosedurları və logistika xidmətlərinin keyfiyyəti də həlledici amillərdir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə investisiya əməkdaşlığı geoiqtisadi əlaqələrin dərinləşməsinə əlavə imkanlar yaradır. Birgə investisiya fondları vasitəsilə sənaye, emal, kənd təsərrüfatı və logistika sahələrində layihələrin həyata keçirilməsi mümkündür. Bu cür təşəbbüslər regional istehsal zəncirlərinin formalaşmasına və tərəfdaşların xarici bazarlarda birgə iştirakına şərait yarada bilər.
Türkmənbaşı görüşünün əhəmiyyəti Azərbaycanın geoiqtisadi imkanlarını regional əməkdaşlıq gündəliyi ilə əlaqələndirməsindədir. Nəqliyyat, investisiya, enerji və rəqəmsal bağlantılar ümumi iqtisadi məkanın formalaşmasını təmin edən qarşılıqlı əlaqəli sahələrdir. Bu potensialın reallaşması layihələrin icrasından, dövlətlərarası koordinasiyadan və iqtisadi səmərəlilikdən asılı olacaq. Azərbaycanın qarşısında duran əsas vəzifə coğrafi üstünlüyü davamlı iqtisadi nəticələrə çevirməkdir.
Nəzakət Bağırova,
YAP Nizami rayon təşkilatının “Əli Vəliyev küçəsi, 4” ərazi partiya təşkilatının sədr müavini



