
Naxçıvan Muxtar Respublikasının sürətli tərəqqisi təkcə makroiqtisadi göstəricilərdə deyil, eyni zamanda müasir şəhərsalma və urbanizasiya proseslərində özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Naxçıvanın simasını tamamilə yeniləyərək onu ən müasir standartlara cavab verən bir mərkəzə çevirmişdir. Son 20 il ərzində muxtar respublikada aparılan bütün irimiqyaslı tikinti işləri məhz Azərbaycan dövlət büdcəsinin vəsaitləri hesabına icra olunmuşdur. Hər il ayrılan yüz milyonlarla manat bu gün gördüyümüz abad və inkişaf edən Naxçıvanı formalaşdırmışdır.
Şəhərsalma prosesini sistemsizlikdən xilas etmək və gələcək inkişafı düzgün koordinasiya etmək məqsədilə Prezident İlham Əliyev Naxçıvan şəhərinin yeni Baş planının hazırlanması barədə xüsusi göstəriş vermişdir. Səfər çərçivəsində həmin Baş plan dövlət başçısına təqdim edilmişdir. Təsdiqlənmiş bu sənəd şəhərin arxitektura simasının qorunub saxlanılması ilə yanaşı, ən müasir infrastrukturun yaradılmasını və əhalinin rahatlığının təmin olunmasını özündə ehtiva edir. Bu təcrübə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan uğurlu Baş plan strategiyasının məntiqi davamıdır.
Şəhərin müasir inkişafının əsas göstəricilərindən biri ictimai nəqliyyat infrastrukturunun yenilənməsidir. Prezident İlham Əliyevin göstərişi ilə Naxçıvan şəhərinin nəqliyyat problemi kökündən həll edilmiş, köhnə, atmosferi çirkləndirən dizel avtobuslar xəttdən çıxarılmışdır. Onların yerinə Bakı küçələrində də fəaliyyət göstərən, ekoloji cəhətdən tam təmiz olan yeni yaşıl elektrik avtobuslarının təqdimatı keçirilmişdir. Bu addım həm əhalinin sağlamlığına xidmət edir, həm də şəhərin “yaşıl” imicini gücləndirir.
Yeni Baş plana uyğun olaraq turizm infrastrukturunun da inkişafı nəzərdə tutulmuşdur. Mövcud mehmanxanaların sayının və səviyyəsinin turizm potensialını tam qarşılaya bilməməsini nəzərə alan Prezident İlham Əliyev şəhərin mərkəzində yeni beşulduzlu mehmanxananın təməlini qoymuşdur. 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılan bu otel kompleksi şəhərin qlobal turizm mərkəzinə çevrilməsi istiqamətində atılmış həlledici addımlardan biridir.
Vüqar Quliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 113” ərazi partiya təşkilatının sədr müavini



