
Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini dövlətçiliyin əsas atributu, milli mənliyin əsas məsələsi kimi diqqət mərkəzində saxlamış və totalitar ideologiyanın təzyiqi altında böyük qətiyyətlə Azərbaycan dilini dövlət dili kimi inkişaf konturlarını müəyyənləşdirmişdir.
Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Tarixin müxtəlif dövrlərində Azərbaycan dili müxtəlif təzyiqlərə məruz qalsa da öz varlığını qoruyub saxlamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”.
Dövlətçiliyin inkişafında dövlət və ana dili Ümummilli Liderin apardığı dil quruculuğu siyasətinin əsasını təşkil etmişdir. Məhz buna görə də Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə dövlətçiliyin əsas atributu olan Azərbaycan dilinin inkişafında Heydər Əliyev öz imzası olan tarixi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Tarixdə özünün yeri olan, xüsusi missiyalar yerinə yetirmək qüdrətinə malik olan Ümummilli Liderimiz Heydər Əliyev dahi şəxsiyyət, dünyaşöhrətli siyasətçidir. Böyük şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı ulu öndər xalqın varlığı olan Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi istiqamətində apardığı diplomatiya bənzərsizliyi ilə seçilir.
Azərbaycanı bütün dünyada təmsil edən Heydər Əliyevin mühüm fəaliyyəti nəticəsində Azərbaycan dili rəsmi tədbirlərdə rəsmi dil kimi inkişaf etdirilmişdir. Ölkəyə rəhbərlik etdiyi dövrdə yeritdiyi dil siyasəti ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq məqsədinə xidmət etmişdir.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə ana dilinin dövlət dili statusu qorunmuş və onun inkişafı yüksək səviyyədə təmin edilmişdir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dilinə yanaşması, onun işləkliyi yönündə həyata keçirdiyi tədbirlər dahi şəxsiyyətin tarixi missiyası idi. O, dilimizi yalnız keçmişin bir mirası kimi deyil, gələcəyin aparıcı qüvvəsi kimi qorudu və möhkəmləndirdi. Bu gün Heydər Əliyevin dil siyasətinin bəhrələri hər yerdə görünür: Azərbaycan dili dövlətimizin bütün sahələrində istifadə olunur, beynəlxalq səviyyədə tanınır və müasir dövrün tələblərinə uyğun olaraq inkişaf edir. O, dilimizin milli kimliyimizin təməl daşı olduğunu vurğulayaraq demişdir: “Dilimiz bizim milli sərvətimizdir, mənəvi varlığımızın təzahürüdür və onu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur.”
Aytən Əzimova,
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin UBTR-i