
26 fevral 2026-cı il tarixində Xocalı şəhərində uzun illər planlaşdırılan və milli yaddaşın qorunması, tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq məqsədilə yaradılmış Xocalı Soyqırımı Memorial Kompleksi rəsmi olaraq açıldı. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak etdilər. Dövlət başçısı Memorial önünə əklil qoydu, daha sonra isə geniş nitqlə çıxış etdi.
Cənab Prezident nitqinə Xocalı soyqırımının mahiyyəti və tarixindən başladi. O vurğuladı ki, Xocalı soyqırımı Ermənistan dövlətinin, erməni faşistlərinin azərbaycanlılara, insanlığa qarşı törətdiyi qanlı hərbi cinayətdir və bu faciənin məsuliyyətini bütünlükdə Ermənistan dövləti daşıyır. Bir gecədə 600-dən çox günahsız mülki şəxsin , o cümlədən çoxsaylı qadın və uşaq da daxil olmaqla qəddarcasına qətlə yetirildiyi, 150 nəfərin isə itkin düşdüyü faktları xatırlatdı.
Ölkə başçısı qeyd etdi ki, bu faciə Azərbaycan xalqı üçün ən böyük faciədir və onun dünya ictimaiyyətinə çatdırılması, haqq işinin beynəlxalq səviyyədə tanıdılması üçün Azərbaycan dövləti, ictimai və qeyri-hökumət təşkilatları uzunmüddətli və davamlı fəaliyyət göstəriblər.
Azərbaycan lideri Memorial Kompleksinin yaradılmasının yalnız arxitektura və simvolik obrazdan ibarət olmadığını, eyni zamanda xalqın yaddaşının əbədiləşdirilməsinin ifadəsi olduğunu vurğuladı. O bildirdi ki, bu Memorial unudulmamalı acı xatirələrin, ədalət uğrunda mübarizənin və milli iradənin təcəssümüdür. Memorial xalqın unudulmaz dəyərini əks etdirir və hər zaman gələcək nəsillərə Xocalı soyqırımının “unudulmaz” simvolu kimi xidmət edəcəkdir.
Memorial Kompleksi bir daha göstərir ki, Azərbaycan xalqı öz tarixini unutmur, şəhidlərimizin xatirəsini uca tutur və keçmiş zülmlərə qarşı sarsılmaz iradəsini nümayiş etdirir. Bu kompleks həm milli yaddaşın qorunması, həm də gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılması üçün vacibdir.
Prezident Əliyev nitqində Xocalı soyqırımının dünya ictimaiyyəti və beynəlxalq hüquq müstəvisində tanınması üçün görülmüş mühüm işlərə də toxundu. Bildirdi ki, Azərbaycan öz haqlı səsini qaldırmasaydı, bu faciənin doğru məlumatı dünyada bu qədər geniş yayılmaya bilərdi. Belə ki, bu günə qədər bir sıra ölkələr Xocalı soyqırımını rəsmi şəkildə tanımış, Azərbaycan tərəfinin mövqeyi beynəlxalq təşkilatlarda dəstəklənmişdir.
Bu kontekstdə dövlət başçısı vurğuladı ki, Xocalı soyqırımının tanınması prosesi davam edir və bu istiqamətdə Azərbaycanın səsi daha da gücləndirilir. Dövlətin iradəsi sayəsində dünyanın bir çox ölkəsi və beynəlxalq qurumları haqlı mövqeyi dəstəkləmişdir.
Cənab Prezident Əliyev çıxışında həm də Azərbaycanın dövlətçilik və təhlükəsizlik mövqeyinə toxundu. O, bildirdi ki, bu gün Azərbaycan keçmişdən çox fərqlidir: dövlət daha güclüdür, ordusu daha qüvvətlidir və heç bir təxribat düşünə bilməz və ya həyata keçirə bilməz. Dövlət başçısı qeyd etdi ki, ölkə artıq öz ərazi bütövlüyünü tam bərpa etmiş, güclü iqtisadiyyata və müstəqil ordusuna malikdir. Bu kontekstdə, Prezident bəyan etdi ki, düşmən heç vaxt Azərbaycan xalqının iradəsinə qarşı çıxmamalıdır və ölkənin gücü sayəsində bu gün insanlar əmin-amanlıq şəraitində yaşayır. Dövlətin qüdrəti düşmən üçün qorxulu olmalıdır, çünki güclü dövlət qorunan sülhün əsas şərtidir.
Memorialın memarlıq konsepsiyası də nitqdə xüsusi qeyd edildi. Kompleks rəmzi “dörd əllə” Xocalı sakinlərini simvolik şəkildə qorumağa çalışan strukturlar formasında layihələndirilmişdir. Eyni zamanda, Memorialın həyətində badam ağacları əkilib bu ağaclar təkcə yazın müjdəsi olmaqla yanaşı, həm də sovuşmayan xatirəni, ədalət istəklərini simvolizə edir.
Prezident İlham Əliyevin çıxışı Xocalı soyqırımının faciəvi tarixini xatırlatmaqla yanaşı, Azərbaycanın gücü, xalqın iradəsi və gələcəkdə sülhün qorunması ideyalarını birləşdirən strateji bir nitq oldu. O, Xocalı Memorialını milli yaddaş üçün əbədiləşdirici, gələcək nəsillərə tarixi həqiqətləri çatdıran və Azərbaycanın beynəlxalq səviyyədə haqlı mövqeyini təsdiqləyən simvol kimi təsvir etdi.
Fərid Pirverdiyev,
Nizami rayon fəalı, 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının həkimi



