
26 Fevral – Xocalı soyqırımı günü Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biridir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş, dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törətmişdir. Bu hadisə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilir.Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımını belə səciyyələndirmişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”. Bu fikir Xocalı hadisələrinin mahiyyətini tam şəkildə ifadə edir.
Faciə günü Xocalı şəhərini tərk etməyə məcbur qalan əhali pusquya salınmış, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında atəşə tutulmuş, çox sayda insan qətlə yetirilmiş və ya əsir götürülmüşdür. Hücumdan sonra şəhərdə qalan təxminən 2500 nəfər, əsasən qadın və uşaqlar, azərbaycanlıların nəzarətində olan ən yaxın əraziyə çatmağa çalışarkən dağlarda təqibə məruz qalmış, bir çoxu isə donvurmadan həlak olmuşdur. Xocalıda baş verənlər insanlığa sığmayan vəhşilik səhnələri ilə yadda qalmışdır.Rəsmi məlumatlara görə, soyqırımı nəticəsində 613 nəfər öldürülmüşdür. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl insan olmuşdur. Səkkiz ailə tamamilə məhv edilmiş, 27 ailənin yalnız bir üzvü sağ qalmış, 25 uşaq hər iki valideynini itirmişdir. 56 nəfər xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, gözləri çıxarılaraq və digər qeyri-insani üsullarla qətlə yetirilmişdir. Bu statistik rəqəmlər Xocalı soyqırımının miqyasını və dəhşətini aydın şəkildə göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı faciəsini erməni millətçilərinin iki yüz ildən artıq müddətdə xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsi kimi qiymətləndirmişdir. Prezident vurğulamışdır ki, “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”.
Dövlət başçısı tərəfindən irəli sürülən “Xocalıya ədalət!” çağırışı beynəlxalq ictimaiyyətə ünvanlanmış mühüm mesaj idi. Bu çağırış Xocalı həqiqətlərinin dünyaya çatdırılması, soyqırımının tanıdılması və günahkarların cəzalandırılması məqsədi daşıyırdı. Prezident İlham Əliyevin sözləri ilə desək, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi və bu ədalətin təmin olunması beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur.Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmışdır. Hər il 26 fevral tarixində ölkəmizdə və dünyanın müxtəlif yerlərində anım mərasimləri keçirilir, şəhidlərin xatirəsi ehtiramla yad edilir. Bu gün təkcə kədər və hüzn günü deyil, həm də milli birlik, həmrəylik və ədalətə inam günüdür. Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanınması istiqamətində aparılan ardıcıl siyasət, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü fəaliyyət bu tarixi ədalətin bərpasına xidmət edir.
Xocalı soyqırımı unudulmur və unudulmayacaq. Bu faciə Azərbaycan xalqının mübarizə ruhunu daha da gücləndirmiş, dövlətimizin müstəqilliyini və suverenliyini qorumaq əzmini möhkəmləndirmişdir. 26 Fevral – Xocalı soyqırımı günü tariximizə qanla yazılmış bir gündür və gələcək nəsillər bu həqiqətləri bilməli, yadda saxlamalı və dünyaya çatdırmalıdır.
Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



