
1990-cı illərin əvvəlləri Azərbaycan üçün son dərəcə mürəkkəb, taleyüklü və ziddiyyətli bir dövr olmuşdur. Müstəqilliyini yenicə bərpa etmiş ölkə daxili siyasi çəkişmələrin, idarəetmədə səriştəsizliyin, artan separatizm meyillərinin və hərbi-siyasi böhranların təsiri altında dərin sarsıntılar yaşayırdı. Xalqın gələcəyə inamı zəifləməkdə, dövlətçiliyin dayaqları isə ciddi təhlükələrlə üzləşməkdə idi. Belə bir zamanda ölkənin intellektual və ictimai-siyasi təbəqələrinin nümayəndələri Azərbaycanın xilası naminə həlledici təşəbbüs irəli sürdülər.
Məhz bu tarixi şəraitdə 1992-ci il 21 noyabr tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycanın siyasi həyatında dönüş nöqtəsi oldu. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinə və xalqın tələbinə söykənən bu təşəbbüs ölkəni xaosdan çıxarmaq, parçalanmaq təhlükəsindən xilas etmək və müstəqilliyin möhkəmləndirilməsi üçün real alternativin formalaşmasına şərait yaratdı. Konfransın keçirilməsi təkcə yeni bir siyasi təşkilatın doğulması deyil, həm də dövlətçilik ideallarının yenidən dirçəldilməsinin mühüm mərhələsi idi.
Yeni Azərbaycan Partiyasının təsis konfransı vəzifəsinə, mövqeyinə, mənsubiyyətinə görə fərqlənməyən, lakin dövlətçilik düşüncəsi, milli məsuliyyət hissi və Azərbaycanın gələcəyinə dair eyni ideyaları bölüşən insanların bir araya gəlməsi ilə yadda qaldı. “Yeni, güclü və müasir Azərbaycan” şüarı əsasında formalaşan partiya qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi bərpa etməyə yönəlmiş strateji xəttin aparıcı qüvvəsinə çevrildi. Partiyanın proqram sənədlərində ərazi bütövlüyünün qorunması, demokratik institutların yaradılması, iqtisadiyyatın dirçəldilməsi və modern dövlət idarəçiliyinin qurulması kimi məqsədlər ön plana çəkildi.
21 noyabr 1992-ci ildə keçirilmiş həmin konfransın nəticələri sonrakı illərin siyasi inkişafında özünü aydın şəkildə göstərdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı, dövlət idarəçiliyində sabitliyin bərpası, ölkənin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi və iqtisadi islahatların uğurla həyata keçirilməsi Yeni Azərbaycan Partiyasının tarixi missiyasının nə qədər zəruri olduğunu təsdiq etdi. Bununla da partiya müasir Azərbaycanın quruculuğunda mühüm siyasi institut kimi formalaşdı.
Bu gün Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci il təsis konfransının müəyyən etdiyi ideallara sadiq qalaraq ölkənin davamlı inkişafı, sabitliyi və milli maraqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirir. Həmin gün keçirilən konfrans Azərbaycanın siyasi tarixində yalnız bir təşkilatın yaranması deyil, həm də müstəqil dövlətçilik yolunda atılmış ən mühüm addımlardan biri kimi əhəmiyyətini qoruyur.
Orxan Abdullazdə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi


