
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 15 iyun – Milli Qurtuluş Gününü Naxçıvan şəhərində silsilə tədbirlərlə qeyd edib.
Aktualinfo Media Qrup xəbər verir ki, Naxçıvan şəhərinə səfər çərçivəsində rayon təşkilatının gəncləri, könüllüləri və fəalları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xiyabanını və Zəfər Parkını ziyarət edib, Ümummilli Liderin və şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin Naxçıvan dövründəki fəaliyyəti və dövlətçilik xidmətlərini əks etdirən eksponatlarla tanışlıq olub. Məlumat verilib ki, 1999-cu ildən fəaliyyət göstərən Heydər Əliyev Muzeyinin fonduna ümumilikdə 5500-dən artıq eksponat daxildir. Muzeydə nümayiş olunan eksponatlar Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ümummilli Liderin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.
Daha sonra Yeni Azərbaycan Partiyası Nizami rayon və Naxçıvan şəhər təşkilatlarının, eləcə də Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Naxçıvandan başlayan qurtuluş məfkurəsi: Heydər Əliyev yolu və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Milli Qurtuluş Günü münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və partiyanın Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli çıxış ediblər. Diqqətə çatdırılıb ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtəsi olmaqla ölkədə sabitliyin və inkişafın əsasını qoyub. Xüsusi olaraq qeyd olunub ki, Naxçıvan Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində və Yeni Azərbaycan Partiyasının yaranması prosesində xüsusi yer tutur.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə vəsiqələri təqdim edilib.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Mübariz Əsgərovun bədii rəhbəri olduğu konsert proqramı tədqim edilib. Konsertdə “Şan yerimiz”, “Alagöz”, “Məşəl kimi yanan ürək” və “Sən elə bir zirvəsən” kimi musiqi nömrələri səsləndirilib. Əsərlər Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin müşayiəti ilə Prezident mükafatçıları İlkin Abdullayev və İsrafil Qibləliyev, Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov və Gülyanaq Fərzəliyevanın ifasında təqdim olunub.
Tədbir iştirakçılarda xoş təəssürat oyadıb, maraqlı anlarla yadda qalıb.
YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, partiyanın Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev çıxış edib, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar.



























































