Gündəm

YAP nümayəndə heyəti Trabzon Ticarət və Sənaye Mərkəzində olub

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Trabzon Ticarət və Sənaye Mərkəzində olublar.

Specialnews.az xəbər verir ki, görüş zamanı YAP nümayəndələri ilə Mərkəzin İdarə heyətinin üzvləri arasında Azərbaycan-Türkiyə münasibətləri, qardaşlıq əlaqələri müzakirə edilib.

Azərbaycan nümayəndə heyətini salamlayan Mərkəzin idarə heyətinin sədri Mustafa Şadan Eren iki ölkə arasında olan əlaqələrin yüksək inkişaf xəttindən söz açıb.

Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinin hər iki xalq üçün birlik baxımından əhəmiyyətli olduğunu diqqətə çatdıran sədr qardaşlıq münasibətlərinin bundan sonra daha da yaxşılaşacağına ümidini ifadə edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat Tahir Rzayev Türkiyənin dövlət siyasətinin bütün dünya üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Türkiyə dövləti, onun siyasəti bu gün ehtiyacı olan xalqlar üçün çox ciddi əhəmiyyətə malikdir. Azərbaycan da, öz növbəsində, pandemiya zamanı 30-dan çox ölkəyə yardımlar etmişdi. Eləcə də Türkiyə bu yöndə dəstəyini davamlı şəkildə etməkdədir”.

Tahir Rzayev türk şirkətlərinin Qarabağda bərpa işlərində fəal şəkildə iştirakının Azərbaycan xalqını qürurlandırdığını diqqətə çatdırıb.

Deputat Şahin İsmayılov Trabzon şəhəri ilə Azərbaycan şəhərləri arasında əlaqə baxımından ciddi potensialın olduğunu qeyd edib: “May ayından etibarən, Trabzon-Bakı birbaşa uçuşları həyata keçiriləcək. Eyni zamanda, Trabzonla Azərbaycan şəhərləri arasında bir çox sahədə əməkdaşlıq üçün potensial var”.

Deputat Nizami Cəfərov Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyənin dəstəyi məsələsinə toxunub: “Prezident Rəcəb Tayyib Ərdoğan və ümumilikdə türk xalqının qardaşlıq münasibəti və dəstəyinə görə, biz sizlərə daima minnətdar olacağıq”.

Görüşdə həmçinin Türkiyədə bu ilin yayında gözlənilən prezident və parlament seçkiləri ətrafında müzakirələr aparılıb. Deputatlar və Mərkəzin nümayəndələri Türkiyənin bu vacib seçkidə doğru seçim edəcəyinə inandıqlarını vurğulayıblar.

Çıxışlar bitdikdən sonra Mərkəzin ümumi işi barədə video-hesabat nümayiş olunub.

Oxşar Xəbərlər

Back to top button